Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 5 oktyabr — Sputnik. Sentyabrın 27-dən etibarən Ermənistan-Azərbaycan arasında münaqişə daha da gərginləşib. İki ölkə arasında hazırda həm cəbhədə, həm də informasiya resursları üzərindən müharibə davam etməkdədir.
İnformaisya müharibəsində uduzmamaq üçün bəzi nüanslara diqqət yetirmək lazımdır. Paylaşılan, hətta mahiyyətsiz görünən hansısa bir video, yaxud da şəklin "EXİF DATA" məlumatları bu baxımdan risk yaradır.
İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bu təhlükənin aktuallığından bəhs edib: "İndiki dövrdə xüsusilə ehtiyatlı olmaq lazımdır. İstənilən foto, video, animasiya özündən əlavə informasiyalar mənbəyidir. Bu, təkcə bir foto, video demək deyil. Çünki yer və zaman olaraq da bu fayllar özündə əlavə informasiyalar daşıyır. Bu cür məlumatlar araşdırmaçıların əlinə keçdikdə onlar özləri üçün gərəkli digər informasiyalar da əldə etmiş olurlar. Bu səbəbdən istifadəçilər yaydıqları foto və videonun adi, təhlükəsiz olduğunu düşünməməlidirlər".
"Xüsusən də bu məlumatlar qeyri-peşəkarlar tərəfindən yayımlandıqda, müəyyən nəticələr əldə etmək olar. Bu səbəbdən belə bir dövrdə daha diqqətli və məsuliyyətli olmaq lazımdır. Paylaşımlar edərkən də bir qədər ehtiyatlı olmaq lazımdır. Lakin qeyd edim ki, indiki halda cəbhə bölgəsindən ümumiyyətlə fotoların paylaşılmaması daha doğru olardı. Çünki müharibənin getdiyi vaxtda ermənilər bu dəqiqə müxtəlif informasiyalar axtarırlar. Bu informasiyalarla onlar əks-təbliğat aparmaq, ruh düşkünlüyü yaratmaq, panikaya səbəb olmaq istəyirlər. Qısaca belə deyək ki, hər bir informasiya, resurs özündə əlavə informasiyalar daşıyır və bu informasiyalar qarşı tərəf üçün əhəmiyyətli ola bilər", - deyə ekspert əlavə edib.
O bildirib ki, məktublaşdıqda da ehtiyatı əldən vermək olmaz: "Bir neçə gün öncə də bir nüansla qarşılaşdım. Bizim tərəfin xoş niyyətlə və haqq işini dünyaya çatdırmaq üçün paylaşdığı bir video düşmən tərəfindən başqa məqsədlə istifadə edilib. Yəni, ermənilər xırda bir detaldan istifadə etmişdilər. Əslində bunu verməmək daha yaxşı olardı. Lakin tələm-tələsik informasiya vermək istəyi bəzən onu analiz etməyə imkan vermir".
Ekspert ümumilikdə informasiya məkanında olan digər nüanslardan da danışıb. O, anonim olaraq gələn zənglərlə bağlı hər kəsi məlumatlandırıb: "Düşmən tərəf adi telefon zənglərinə üstünlük verir. Onlar əcnəbi nömrələrlə bizim yerli vətəndaşlara zənglər edərək "şəhəri bombalayacaqlar" tipli mesajlar verməklə əhalini çaşdırmağa, təşviş yaratmağa və qorxu yaratmağa çalışırlar. Hər bir vətəndaş öz yerində ayıq-sayıq olmalı və düşmən təxribatına uymamalıdır. Bir sözlə, xarici nömrələrdən gələn bu cür zəngləri açmamaq lazımdır".
Qısaca olaraq "EXİF DATA" haqda:
"EXİF DATA" özündə yüklənən şəkillə bağlı bir sıra məlumatları ehtiva edir. Burada fotonun çəkildiyi tarix, yer, ölçü, bir sıra toplu məlumatlar və fotonun keyfiyyətinə qədər bir sıra detallar əksini tapır. Bu isə bir daha göstərir ki, çəkilən hər bir foto yalnız görüntüdən ibarət deyil. Telefon və rəqəmsal fotoaparatlarla çəkilən fotoların hansı sürətdə çəkildiyi, hansı diafraqmada çəkildiyi haqda da məlumatlar yer alır. Bu səbəbdən də hansısa foto yayımlandıqda "EXİF DATA" vasitəsilə bir sıra məlumatları əldə etmək mümkündür. Bu yolla hətta fotonun nə zaman, hansı ərazidə çəkilməsini də müəyyən etmək olur.
Lakin foto çəkərkən bu məlumatların, yəni "EXİF DATA" informasiyalarının bloklanması da mümkündür. Belə ki, telefonu alan zaman ""EXİF DATA" məlumatlarına icazə vermək istəyirsinizmi?" sualına "xeyr" cavab verdikdə bu zaman bütün fotoları "EXİF DATA" informasiyaları olmadan çəkə biləcəksiniz. Lakin təsdiq düyməsini basdıqdan sonra da "EXİF DATA" məlumatlarını əngəlləməyin bir yolu var.
Xüsusən də sosial şəbəkələrə yüklənən fotolarda "EXİF DATA"-nın olması fotonun gizliliyi ilə bağlı bir sıra məlumatları ələ vermiş olur. Bunun baş verməməsi üçün "EXİF REMOVER" yazaraq bir sıra saytlara girmək və ya müəyyən applikasiyalar yükləməklə də "EXİF DATA"nı silmək, əngəlləmək mümkündür.