İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 1 oktyabr — Sputnik. Bu gün hər kəsin mobil texnologiya və internetə çıxışının olması hamını potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilər. Bunun qarşını almaq üçün ölkədə hərbi rejimlə əlaqədar olaraq internetdə bəzi saytlara girişə məhdudiyyətlər qoyulub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xəbərdarlıq etsə də, bəzi vətəndaşlar sosial şəbəkələrə qoşulmaq üçün digər ölkələrin təklif etdiyi tətbiqlərdən istifadə edirlər.
Ötən gün sosial şəbəkələrdə bu tətbiqlərdən istifadə edən şəxslərin nazirlik tərəfindən cərimə ediləcəyi müzakirə olunurdu.
Sputnik Azərbaycan bu məsələni araşdırıb.
Osman Gündüz bildirib ki, VPN istifadəçilərinin cərimə ediləcəyi ilə bağlı hər hansı bir açıqlama yoxdur və bunun olması da absurd olardı. Çünki VPN-dən istifadə ilə bağlı hər hansı bir qadağa yoxdur.
"VPN-in istifadəsi ilə bağlı hər hansı bir qadağa olmadığı üçün VPN istifadə edənlərin cərimə edilməsi mümkün deyil. Sadəcə olaraq, vəziyyətlə bağlı internetin verilməsinə məhdudiyyət qoyulub. Buna görə də çox sayda insan informasiya təlabatını ödəmək, Azərbaycan həqiqətlərini çatdırmaq, sosial mediada orduya, cəmiyyətə dəstək vermək üçün VPN-dən istifadə edir", - deyən ekspert vətəndaşlara ehtiyac olmadığı təqdirdə bu tətbiqlərdən istifadə etməməyi məsləhət görüb.
O əlavə edib ki, bu tətbiqlərin həm fərdi təhlükəsizlik, həm də milli təhlükəsizliklə bağlı riskləri var.
Ekspert həmçinin bildirib ki, müəyyən texnologiyalarla VPN istifadəçilərini də müəyyən etmək mümkündür.
"Yəni ehtiyac olarsa, aidiyyəti qurumlar xüsusi texnologiya ilə VPN istifadə edənləri müəyyən edə bilər. Ancaq VPN istifadəçilərinin müəyyən edilməsi ilə bağlı hər hansı bir qanunvericilik yoxdur. VPN internetdə protokol qaydasıdır. Həmin protokol trafiki daxilində istifadə edilən məlumatları müəyyən edilə bilər", - deyə ekspert bildirib.
Məsələyə aydınlıq gətirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi Günel Gözəlova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir vətəndaş özünü kibermühitdə qorumalıdır:
"Qeyd edilən tətbiqlər problemlidir. Hamı bilməlidir ki, bu tətbiqlər pulsuzdursa, deməli, orada problem var. Birmənalı olaraq sizin məlumatlar oğurlanır".
G.Gözəlova həmçinin qeyd edib ki, nazirlik hər hansı bir vətəndaşı telefonuna öz istəyi ilə yüklədiyi hər hansı bir tətbiqə görə cərimə etməyəcək.
"İndiki vəziyyətdə vətəndaşlar məsələni anlayışla qarşılamalı, heç bir feyk məlumata inanmamalı, feyk məlumatların yayılmasına iştriak etməməlidirlər. Xahiş olunur ki, kibermühitdə təhlükəsizliyinizi qoruyun.
Əsas məlumatlar KİV vasitəsilə cəmiyyətə ötürülür. Sosial şəbəkələrdə məlumat axtarmağa ehtiyac yoxdur", - deyə Gözəlova əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları mövcud vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağırmışdı.
Qeyd edilmişdi ki, sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin.
Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər. İstifadə etmədiyiniz tətbiqləri silin.
Sosial media hesablarınız, cihazlarınız, internetə qoşulan bütün qurğular üçün ən sadə kibertəhlükəsizlik qaydalarına riayət edin. Unutmayın, internetə qoşulan hər bir qurğu özlüyündə kibertəhdid təşkil edir.
Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı, "1654" qaynar xətti və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.