BAKI, 5 oktyabr - Sputnik Azərbaycan. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mühüm mülki infrastrukturunu məqsədli şəkildə hədəf almasının daha bir sübutu barədə tvit paylaşıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Mingəçevirdə 1-6 №-li enerji bloklarının qarşısına düşən raketin fotolarını paylaşan H.Hacıyev onun partlamadığını bildirib.
"Ermənistanın ağlını başına yığıması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir", - deyə Prezidentin köməkçisi Twitter hesabında bildirib.
Xatırladaq ki, bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir istilik elektrik stansiyasını (İES) hədəf alıblar. Onların atdığı 3 orta mənzilli raketlərdən biri İES-in qarşısına düşüb, lakin partlamayıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və ANAMA nümayəndələri cəlb olunublar.
Bir qədər əvvəl hadisə ilə bağlı məlumat yayan Baş Prokurorluq bildirib ki, Mingəçevirə 3 raket atılıb. Onlardan ikisi partlamayıb. Partlamayan raketlərdən biri Mingəçevir İES MMC-nin qarşısına düşüb. Raketlərdən birinin partlaması nəticəsində isə 5 mülki şəxs xəsarət alıb.