CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlərin işə qəbulu üçün bir mərhələ başa çatdı

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqə tələblərinə cavab verən müraciətçilər üçün 8-17 oktyabr tarixlərində müsahibə həyata keçiriləcək.

BAKI, 3 oktyabr — Sputnik. 2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron müraciət mərhələsi başa çatıb. Sputnik Azərbaycan-a bu barədə Təhsil Nazirliyindən daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan müsabiqəyə sözügedən mərhələ zamanı ümumilikdə 2091 müraciət daxil olub. Elektron müraciət mərhələsi üzrə müsabiqə nəticələrinin 7 oktyabr 2020-ci il tarixinədək elan edilməsi nəzərdə tutulur. Müsabiqədə iştirak edən şəxslərin nəticələri və müsahibə mərhələsinə dəvət barədə məlumatlar müraciətçinin "Şəxsi kabinet" bölümündə yer alacaq. Müsabiqə tələblərinə cavab verən müraciətçilər üçün 8-17 oktyabr tarixlərində müsahibə həyata keçiriləcək. Müsahibə mərhələsinə seçilmiş namizədlərə müsahibənin keçirilmə tarixi, saatı və yeri haqqında həm "Şəxsi kabinet" vasitəsilə, həm də telefon vasitəsilə məlumat veriləcək. Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim ediləcək. Seçim zamanı müraciətçinin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınacaq. Müsabiqədə ümumtəhsil fənn müəllimlərinin seçimi zamanı isə namizədin MİQ və diaqnostik balı əsas götürüləcək. Müsahibəni uğurla başa vurmuş namizədlər müraciət etdiyi vakansiya üzrə işlə təmin ediləcəklər.

Qeyd edək ki, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib.

Xəbər lenti
0