Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 3 oktyabr — Sputnik. Ermənistan Səhiyyə Nazirliyi qan bankının doldurulması məqsədilə yenidən vətəndaşlarını könüllü qan verməyə çağırıb. Bu müraciətdən görünür ki, Ermənistan səhiyyəsində ciddi qan böhranı yaşanır. Sputnik Azərbaycan cəbhədə baş verənlərlə bağlı Azərbaycanda qana tələbatın olub-olmadığını araşdırıb.
Mərkəzi Qan Bankından Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Qan Bankı və regionlarda yerləşən bölmələrimiz hər zaman olduğu kimi, adi qaydada fəaliyyətini davam etdirir və hazırda qan ehtiyatı kifayət qədərdir: "Xalqımız son günlərdə baş verən hadisələr zamanı yenə də əzm nümayiş etdirir. Vətənpərvər oğul və qızlarımız həm könüllü şəkildə cəbhəyə yollanmaq üçün müraciətlər edir, həm də Azərbaycan Ordusunun zəfər yürüşü zamanı yaralanan mərd hərbçilərimiz üçün könüllü şəkildə qan vermək məqsədilə qan banklarına gəlirlər. Bu nəcib təşəbbüslərinə görə Mərkəzi Qan Bankı adından bütün vətəndaşlarımıza təşəkkür edirik! Mərkəzi Qan Bankı və regionlarda yerləşən bölmələrimiz hər zaman olduğu kimi, adi qaydada fəaliyyətini davam etdirir və hazırda qan ehtiyatı kifayət qədərdir. Könüllü şəkildə qan donoru olmaq istəyən vətəndaşlarımız Mərkəzi Qan Bankının Bakı şəhərində və bölgələrdə yerləşən bölmələrinə zəng edə və ya gələrək ad, soyad, qan qrupu və telefon nömrələri haqqında məlumat verərək qeydiyyatdan keçə bilərlər. Ehtiyac yarandığı təqdirdə biz həmin məlumatlar vasitəsilə sizinlə əlaqə saxlayıb, qan banklarına dəvət edəcəyik. Bir daha xalqımıza göstərdiyi birlik və bərabərliyə görə təşəkkür edirik".