“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sisteminə Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər inteqrasiya olunub”. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.
“Silahlı Qüvvələrə Yardım Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs ödənişləri sistem üzərindən istənilən yerdən, 24/7 rejimində ödəyə bilər. Fonda ödəniş etmək istəyən şəxs www.asanpay.az elektron portalında və ya “ASAN ödəniş” mobil tətbiqində “Yardım Fondu” bölməsinə daxil olaraq “Silahlı Qüvvələrə Yardım Fondu” düyməsinin üzərinə klik edir. Bundan sonra FİN və ya VÖEN üzrə axtarış edərək ödənişi həyata keçirir”, – deyə o bildirib.
Silahlı Qüvvələrə Yardım Fondu 17 avqust 2002-ci il tarixində Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə imzaladığı müvafiq Fərmanı ilə yaradılıb.
Elnur Niftəliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz