CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Agentlikdən sevindirici xəbər: Peşə məktəblərinə qəbulda artım var

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan
Abunə olmaq
Ceyhun Kərəmov: Gənclərin aktiv olduğu sosial platformalar üzərindən peşə təhsilinin vacibliyi təbliğ edilir.

BAKI, 30 sentyabr - Sputnik. Bu il peşə məktəblərinə qəbul olunanların 40 faizi Bakı və Bakıətrafı, 60 faizi rayonların payına düşür. Bu məlumatı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov verib.

O, bildirib ki, ötən illə müqayisədə bu il peşə məktəblərinə qəbul üçün müraciətlərin sayı 30 faiz artıb:

“Bu tədris ili 20 minə yaxın müraciət olub ki, onlardan 15 min nəfəri tələbə adını qazanıb”.

Kərəmov peşə təhsilinin təbliğinin səmərə verdiyini söyləyib. O, bildirib ki, bu istiqamətdə Agentlik müvafiq maarifləndirmə və təbliğati işlər aparır:

“Bizim fəaliyyətimizin əsas protetlərindən biri məhz budur. Bu istiqamətdə iş bir neçə şaxəli aparılır. Bizim əməkdaşlarımız həm Agentlikdə, həm də məktəblərdə görüşlər keçirərək peşə təhsili barədə gəncləri məlumatlandırır. Bundan başqa gənclərin aktiv olduğu sosial platformalar üzərindən peşə təhsilinin vacibliyi təbliğ edilir. Bizim diqqət ayırdığımız daha bir məsələ orta məkrtəblərdə peşə təmayüllü siniflərin açılmasıdır. Bununla məktəblərdə şagirdlər başa düşürlər ki, peşə nədir.

Beləcə, onlarda peşə təhsilinə maraq yaranır. Ancaq işlər bununla bitmir. Biz peşə təhsili səviyyəsini artırmalıyıq ki, həm işəgötürənlərdə, həm də valideyn və şagirdlərdə peşə təhsilinə maraq yaransın. Başda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi olmaqla hamımız səylə çalışırıq”.

Qeyd edək ki, peşə təhsil müəssisələrinə 10 avqust tarixindən etibarən 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna başlanılıb. İlk dəfə olaraq peşə təhsil müəssisələrinə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlayıblar. 

2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Həmçinin cari tədris ilindən başlayaraq ilk dəfə olaraq tələbə qəbul prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunub. 

Peşə təhsil pilləsinə qəbul çərçivəsində 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş Peşə təhsili haqqında qanuna əsasən peşə təhsil müəssisələrində yüksək texniki peşə (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulu da aparılıb. 

Bu il ötən illə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27% artım müşahidə olunub.

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti
0