İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, komendant saatı tətbiq edilir. Ötən gün sosial şəbəkələrdə komendant saatını pozan şəxslərin cəbhə bölgələrinə aparılması barədə məlumatlar yer almışdı.
Hərbi ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, komendant saatını pozan şəxslər cəbhə bölgəsinə deyil, polis bölmələrinə aparılır və ya cərimə edilirlər: "Bəzi vətəndaşlar bunu normal qəbul edə bilmirlər. 1992-1993-cü illərdə olduğu kimi "oblava" kimi qiymətləndirirlər. Bu, səhv fikirdir. Bilirsiniz ki, qismən hərbi səfərbərlik elan edilib. Və cəbhə bölgələrinə ancaq hərbi vəzifəli şəxslər çağırılır. Komendant saatını pozan şəxslər qanunvericiliyə uyğun olaraq, müvafiq şəkildə cərimə edilirlər".
Hüquqşünas Fərid Həmidli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə dünəndən hərbi rejimlə bağlı komendant saatı tətbiq edilib. Komendant saatını pozan şəxslərə xəbərdarlıq edilir, onlar cərimə edilə və ya həbs edilə bilərlər:
"İlk gün olduğu üçün vətəndaşlara komendat saatında, yəni saat 21.00-dan sonra küçədə, ictimai yerlərdə olduqlarına görə xəbərdarlıq edilə bilər və ya onlar 50 manat məbləğində cərimə edilə bilərlər. Əgər vətəndaş nəqliyyat vasitəsilə komendant saatını pozursa, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir".
F.Həmidli qeyd edib ki, komendant saatında yığıncaq, mitinq, küçə yürüşü və s. kütləvi şəkildə toplaşmaq qadağandır və iştirakçı şəxslər olan fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər altı yüz manatdan doqquz yüz manatadək, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilirlər.
"Onu da qeyd edim ki, komendant saatı tətbiq edilən ərazilərdə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə tətbiq edilir", - deyə hüquqşünas bildirib.
Onun sözlərinə görə, vətəndaşların icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılmasına, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsinə maneçilik törətməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilirlər.
Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub.
Bu dövrdə Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, komendant saatının qüvvədə olduğu müddətdə şəxslər hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində yalnız xidməti vəsiqə əsasında və "icaze.e-gov.az" portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə biləcəklər.
Hərbi vəziyyət rejiminin tələblərini pozan, komendant saatının təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək.