BAKI, 27 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp "Black Lives Matter" ("Qaradərililərin Həyatı Vacibdir") hərəkatının qaradərili icmalara zərər vurduğunu deyib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Tramp bunu Atlantada afroamerikalıların iqtisadi imkanlarının dəstəklənməsinə həsr olunmuş forumda çıxışında bildirib.
Prezident həmçinin demokrat rəqibi Co Baydeni və onun siyasətini yenidən tənqid edərək deyib ki, "Co Bayden ictimai həyatdan təqaüdə çıxdıqda irqi ədalət başlayacaq".
Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılarkən ölməsindən sonra ABŞ şəhərlərini, sonra isə dünyanın bir sıra ölkələrini zorakılığa və irqçiliyə qarşı etirazlar və iğtişaşlar bürüyüb. Floyd polislərdən birinin onun boynunu dizi ilə sıxması nəticəsində həlak olub.
"Black Lives Matter" hərəkatı ABŞ və bir çox digər ölkələrdə keçirilən etirazlarda polisin maliyyələşdirilməsinin dayandırılmasını tələb edir və irqi ədalət uğrunda mübarizə aparır.