CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksi qiymətləri həftəsonu ralli sürətilə qalxır, "günahkar" da bazarmış

© Baku Transport AgencyЕще на 12 улицах Баку созданы стоянки такси
Еще на 12 улицах Баку созданы стоянки такси - Sputnik Azərbaycan
Abunə olmaq
Həftəarası 3 kilometr 1 manat 60 qəpikdən hesablanırsa, həftəsonları 1 manat 60 qəpik vurulur 1,5-ə. Beləcə həftəsonları 3 kilometrə qiymət 2 manat 40 qəpik olur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması taksilərdə qiymət artımı ilə müşahidə olunur. Sərnişinlər həftənin şənbə və bazar günlərində taksilərin qiymətində əhəmiyyətli dərəcədə qiymət fərqi olduğunu söyləyirlər.

İnfoqrafika: Taksidən istifadə - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Bakı sakinləri taksidən necə istifadə edirlər

Sərnişin Fəxriyyə Kazımova Sputnik Azərbaycan-a bildirib ki, hər gün 20 Yanvar dairəsindən "Binə" Ticarət Mərkəzinə taksilər bir nəfəri iki manata apardıqları halda həftəsonu bir sərnişin üçün 4 manat tələb edirlər. Sərnişinlər deyirlər ki, həftəsonları "20 Yanvar" metrosu-Xırdalan istiqamətində sərnişin daşıyan 1 manatlıq taksilər isə qiyməti gündüz 2, axşam saatlarında 3 manata qaldırır: "Taksi şirkətlərinə həftəsonları, demək olar ki, düşmək olmur. Hansı istiqamətə taksi sifarişi versək, o istiqamətdə taksi olmadığını söyləyirlər. Bu zaman çarəsiz qalıb yol kənarlarında öz fərdi avtomobilləri ilə taksi xidməti göstərənlərə müraciət edirik. Onlar isə hər gün 5 manata getdikləri yola 15 manat qiymət deyirlər".

Sərnişinlər həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətin taksilərdə iki-üç dəfə qiymət artımına səbəb olduğundan gileylənirlər.

Nəqliyyat məsələləri üzrə ekspert Tural Yusifov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həftəsonu taksilərdə qiymət artımı təbii baş verir:

"Bu tam normal qiymət artımıdır. Bazarda qiymət tələb-təklif əsasında müəyyənləşir. Həftəsonları taksiyə daha çox tələb var. Tələb və təklif əsasında da qiymət bahalaşır. Hava soyuyanda taksiyə tələbat artdığı kimi ona adekvat olaraq qiymət artır. Həftəsonlarında da eyni proses baş verir. Bu, qiymət artımı deyil. Tələb və təklifin müəyyən etdiyi qiymətdir".

T.Yusifov deyir ki, adi günlərdə taksilər bir kilometri 30 qəpiyə sərnişin daşıyırsa, həftə sonu qiyməti 50 qəpiyə qaldırırlar: "Həmçinin qısa məsafələrə sərnişin aparmaqdan imtina edirlər. Onsuz da taksi sürücüləri çarəsizlikdən qısa məsafəyə sərnişin daşıyırlar. Həftəsonu heç bir ictimai nəqliyyat növü işləmədiyindən qısa məsafələrə çağırışlardan imtina edirlər. Bir sözlə, şənbə və bazar günlərində taksinin üzərinə yük düşdüyü üçün bahalaşır".

Ekspert bildirir ki, taksinin sayı tələbə uyğundur: "Həftəsonu taksilərdə qiymət artımını taksi çatışmazlığı ilə bağlamaq düzgün deyil. Düzdür, Azərbaycanda taksilərin çoxu tələblərə cavab vermir. Çünki avtomobillərin 70 faizi köhnədir. Yəni bu gün istismara yararsız avtomobillər olduğu üçün taksilər də köhnədir. Amma taksi sayı kifayət qədərdir".

Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cibimizə yeni "darğalar" gəlib: rayona neçəyə getməyimizə onlar qərar verirlər

T.Yusifov bildirir ki, həftəsonu operatorlarla işləyən taksilərdə qiymət artımının baş verməsi də mümkündür: "Bu gün Azərbaycanda özünün taksi parkı olan taksi şirkətləri azdır. Taksi sifarişləri qəbul edən operatorlar var. Onlar da faizlə işlədiklərindən öz mənfəətləri üçün həftəsonu tələbə uyğun olaraq qiymətlərdə dəyişiklik edirlər".

Taksi sürücüləri isə həftəsonu qiymət artımının operatorlar tərəfindən edildiyini söyləyirlər. Taksi sürücü Dilqəm Süleymanov Sputnik Azərbaycan-a açıqlamasında həftəsonları taksi xidmətində qiymət artımının olduğunu təsdiqlədi. O bildirdi ki, həftəarası 3 kilometr 1 manat 60 qəpikdən hesablanırsa, həftəsonları 1 manat 60 qəpik vurulur 1,5-ə. Beləcə həftəsonları 3 kilometrə qiymət 2 manat 40 qəpik olur.

Sürücü deyir ki, həftəsonu operatorlara qoşulan taksilərin sayı da az olur. Bu isə istər-istəməz qiymətə öz təsirini göstərir.

Qeyd edək ki, artıq iki aya yaxındır ki, şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması piyadaların taksilərdən istifadəsini zəruri edib. Bu isə taksi xidməti göstərən şirkətlərə qiymətləri artırmaq üçün əlverişili fürsətə çevrilib. Ölkəmizdə taksilərin qiymətini bazar tənzimlədiyindən heç bir qurum taksilərdə qiymət artımına müdaxilə etmir. Azərbaycanda taksilərdə vahid qiymət tənzimlənməsi həyata keçirilmir.

Xəbər lenti
0