CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nailə İslamzadə: "Televiziyaya baxmıram, heç bir aparıcını bəyənmirəm" fikri dəyişməlidir

© Photo : İnstagram / naileislamzadeƏməkdar artist Nailə İslamzadə
Əməkdar artist Nailə İslamzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Nailə İslamzadə:  "O dövrün insanları üçün televiziyaya baxmaq ən sevimli məşğuliyyət idi. Televiziya ekranlarında gördükləri insanlara qarşı xüsusi rəğbət, maraq var idi. Son illər isə bunun əksi ilə qarşılaşırıq."

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. O, düz 37 əvvəl "Saat 10-da Moskvadan "Zəngli saat", saat 11:30-da isə "Sovet İttifaqına xidmət edirəm" proqramı translyasiya ediləcək" sözləri ilə ilk dəfə efirə çıxdı. Diktoru olduğu "Xəbərlər" informasiya proqramı, apaıcısı olduğu "Ailələr, talelər" verilişi  və bir çox tədbirlərlə tamaşaçıların doğma insanına çevrilib. Söhbət, nümunəvi diksiyası və zahiri gözəlliyi ilə insanların qəlbini fəht edən əməkdar artist Nailə İslamzadədən gedir.

İllərin sevimli aparıcısı özü və sənət fəaliyyəti ilə bağlı bir sıra məqamları Sputnik Azərbaycan-la bölüşüb: "37 il əvvəl müsabiqə bitdi. Mənə dedilər ki, efirə çıxmalısan. 1982-ci ildə müsabiqə oldu, 1983-cü ilin fevralın 19-da efirə çıxdım. Biz o dövrdə həm rus, həm də öz dilimizdə danışırdıq. İlk dediyim sözlər indiyə qədər yadımdadır: "Saat 10-da Moskvadan "Zəngli saat", saat 11:30-da isə "Sovet İttifaqına xidmət edirəm" proqramı translyasiya ediləcək". Çünki, Moskvadan onu translyasiya edirdik. Bakı televiziyası Moskvaya qoşulurdu. Və eyni sözləri rusca da dedim. Bu 4 cümlə mənim ilk dəfə efirdə səsləndirdiyim söz idi. Hamı "pult"da dayanmışdı. Sözləri deyəndən sonra rəhmətlik Rafiq Hüseynov dedi ki, "Nailə, artıq səni bütün Azərbaycan tanıdı".

Nailə xanım Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. Onun arzusu univeristeti bitirib, doğulduğu Balakən rayonuna qayıtmaq, orada müəllim kimi fəaliyyət göstərmək olub. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır: "Özümü qətiyyən bu sənətdə təsəvvür etmirdim. Əksinə, mən müəllim olmağı daha çox arzulayırdım. Rus dili və ədəbiyyatı üzrə təhsil almışdım. Uşaqlıqda qonşu uşaqlarını başıma toplayıb onlara dərs keçirdim. Qətiyyən aparıcı olmaq ağlımdan keçməyib".

Qəhramanımız 37 illik televiziya fəaliyyəti dövründə ən həyəcanlı gününü belə xatırlayır: "O dövrdə AzTV dövlət tədbirlərindən canlı yayım edirdi. Yaddaşım güclüdür, heç vaxt sözləri unutmamışam. Unudanda o sözün alternativini tapıb deyirdim. Amma bir dəfə səhnədə səndələmişdim. Onda bir anlıq sözləri unutmuşdum. 1984-cü il idi, Televiziyanın bayramı idi. O vaxt may ayında keçirilirdi, Moskva ilə birlikdə Televiziya və radio günü mayın 7-i keçirilirdi. Tədbir Milli Dram teatrında (Akademik Milli Dram Teatrı) idi. Təsəvvür edin, tədbirdə Mərkəzi Komitənin kuratorları, tanınmış insanlar əyləşib. Səhnədə də Xalq çalğı alətlərinin orksetrı Radio marşını çalırdı. Rəhmətlik Davud Əhmədovla mən səhnəyə çıxmalıyıq. Ağ paltar da geyinmişdim. Səhnəyə çıxanda ayağım naqillərə ilişdi, səndələdim. Davud müəllim arxadan "Nailə" deyib tutdu, sanki səhnə göstərirmişik kimi çıxdıq səhnəyə. Xeyli də sözüm var idi. Bütün sözlər yadımdan çıxdı. Dedim "Ay Allah, mən nə deyim camaata?" Hər kəs də mənə baxır. Hamı da gülür. Əlimdə də heç bir kağız yox. Həmin vaxt Davud müəllim pafoslu səsi ilə "Axşamınız xeyir" dedi və öz sözlərini səsləndirdi. Bir də gördüm, öz-özümə deyirəm bütün sözləri. Cəsarətlə deyə bilərəm ki, məndən əvvəl kağızsız çıxan aparıcı olmayıb. Bəlkə də sonralar olub, bilmirəm".

Ziyalı ailəsində doğulan İslamzadə hər dəfə efirə çıxanda ekranın o başında oturan tamaşçısını düşünüb:

"Hər dəfə kamera qarşısına çıxanda düşünürəm ki, mənə milyonlarla insan baxır. Mənə yaşlı insanlar, savadlı insanlar baxır. Tutaq ki, hansısa ucqar kənddə yaşlı bir insan öz nəvəsi ilə baxır. Uyğunsuz hərəkət etsəm, uyğunsuz danışsam, o, nəvəsinin yanında özünü necə hiss edəcək? Mən hər cümləmə diqqət etməliyəm. Yaxud, bir professor baxır, deməz ki, "bu savadsız kimdir?" Bunu düşünüb kamera önünə gəlirsən".

O dövrün insanları üçün televiziyaya baxmaq ən sevimli məşğuliyyət idi. Televiziya ekranlarında gördükləri insanlara qarşı xüsusi rəğbət, maraq var idi. Son illər isə bunun əksi ilə qarşılaşırıq. Bunun səbəbi nədir? Nailə xanım səbəbi belə izah edir: "Ola bilsin ki, kanalların azlığından irəli gəlirdi. Bilirsiz, o dövrdə akademiklik var idi. Daha böyük sənət var idi. Bayağılıq yox idi. Deyirlər senzura lazım deyil. Fikrimcə, lazımdır. O dövrdə bədii şuralar var idi. Nəyi gəldi efirə buraxmırdılar. Məsələn, bir gün Eldar Mansurov haqqında veriliş hazırlayırdıq. O verilişə hazırlaşanda söhbət arası qeyd olundu ki, tutalım, bir musiqini Flora Kərimova, Yalçın Rzazadə oxumalıdır. Onlar gedirdilər bədii şuranın qarşısında canlı olaraq oxuyurdular. Bəstəkar çalırdı, müğənni oxuyurdu. Ondan sonra mahnı efirə verilirdi. Bayağılıq yox idi deyə insanlar zövq alırdılar. İndi o bayağılığa necə baxsınlar? Özünə hörmət edən insanlar çoxdur. İnanın ki, o, televiziyaya çıxan bayağı insanlardan daha savadlı və zövqlüdür. İndi tamaşaçılar daha zövqlü, daha səviyyəlidirlər. Ona görə də baxmırlar. Biz jurnalistlərin də borcudur ki, tamaşaçını daha yüksək səviyyəyə qaldıraq".

""Youtube"da milyonlarla baxış yığan mahnılar var. Qoy orada olsun. Amma tamaşaçı bilsin ki, bu, oradarır. Efirə çıxmır. Niyə çıxmır? Çünki, səviyyə o səviyyə deyil. Tamaşaçı onda fərqi tutacaq. Qulaq asmaq istəyirsə, getsin orada qulaq assın. Amma bu, o demək deyil ki, "Youtube"da olanların səviyyəsi aşağıdır. Sizə deyim, indi özünə hörmət edən, savadlı blogerlər də var" - deyə N. İslamzadə əlavə edib.

"O illərin xiffətini çəkirsinizmi?" sualına aparıcının cavabı belə olub:

"Bəli, o illərin xiffətini çəkirəm. Yaxşı ki, "Ötən illər" verilişi var. Ondan o qədər mənəvi olaraq zövq alıram ki. Çünki onların danışdığı hadisələrin əksəriyyətinin içində mən də olmuşam. O akademiklik, əsillik, zadəganlıq indi yoxdur. Onlar üçün darıxıram. Amma indi də yaxşılar var. Venesiya film festivalında həmyerlimiz Hilal Baydarovun filmi iştirak etdi. Çox istedadlı insanlar meydana çıxır. Artıq bayağıları yığışdırmaq prosesi gedir. Bir az ləng getsə də, gedir. İnşallah, bir müddət sonra tamamilə yığışar".

Məlumdur ki, Azərbaycan televiziyasında ilk dəfə sosial yönümlü verilişin yaradıcısı Nailə İslamzadə olub. Görəsən, Nailə xanım öz xələflərindən nə dərəcədə razıdır?

"Özüm sosial yönümlü verilişlərdə qonaq kimi iştirak etsəm də, çox az-az o verilişlərə baxıram. Vaxtımın azlığından artıq bir ildən artıqdır ki, o verilişlərə qonaq qismində də qatıla bilmirəm. Bu verilişlər əsasən evdə oturanlar üçündür. Orada qoyulan mövzular, qaldırlan problemlər cəmiyyətin bütün üzvləri üçün maraqlı gəlmir. O, daha çox evdar xanımları maraqlandırır. Bu, dünyada da belədir. Həmin verilişlər gündüz saatlarında getməlidir. O ki qaldı mənfi və müsbət tərəflərinə, həm müsbəti, həm də mənfisi var. Bəzən verilişdə tamaşaçıya və verilişin iştirakçısına hörmət qoyulmayanda, mənim xoşuma gəlmir. Müsbət tərəfi də budur ki, məsələn, Atv kanalında yayımlanan Zaur Baxşəliyevin proqramında çox insana dəstək olunur. Orada bir imkansız ailənin uşağına edilən kömək hər şeyə dəyər".

Nailə xanım əlavə edib ki, artıq "mən televiziyaya baxmıram, heç bir aparıcını bəyənmirəm" fikri dəyişməlidir: "Təbii ki, tamaşaçı daha akademik veriliş istəyir. Çox sadəliyə, adiliyə getməyi xoşlamır. Müasir televiziyaların çox peşəkar aparıcıları var. Sadəcə olaraq elə verilişlər var ki, tamaşaçılarda onlara qarşı qıcıq yaranır. Onlar da zamanla yerinə oturacaq. Məsələn, çalışdığım İctimai Televiziyada nə bayağı veriliş, nə də bayağı danışan aparıcı görə bilərsiniz. Aztv-də də belədir. Digər tv-lərdə də yaxşılar var. İctimai televiziya tamaşaçıları yenidən sevdirdi. Özüm orada çalışıram deyə demirəm. Balakişi Qasımov gələndən sonra sözügedən kanal köklü sürətdə dəyişdi, tamaşaçı və efir münasibətləri yeni müstəviyə qalxdı. Oradan tamaşaçıya hörmət yağır. Yoldaşım bəzən televiziyaya baxanda, "mən niyə buna baxmalıyam ki?" deyib kanalı dəyişir. Deyir, mənim intellektual səviyyəm ondan artıqdır, o niyə özünü ağıllı hesab edir ki?"

İllərdir tamaşaçı sevgisini itirməyən aparıcı deyir ki, heç vaxt gündəmdə qalmaq barədə düşünməyib: "Gündəm sözü nədir, bilmirəm. Düşünmürəm də. Siz öz redaksiyanıza necə gedirsinizsə, mən də televiziyaya elə getmişəm. Oranı bir iş yeri olaraq görmüşəm. Yəni, populyar olmaq, tanınmaq barədə düşünməmişəm. O, öz-özünə yaranır. Başımı aşağı salıb işimlə məşğul olmuşam. Unudulmaq barədə düşünməmişəm. 2006-cı ildə televiziyadan getdim, 2019-cu ildə qayıtdım. 13 ildə yada düşmək üçün heç nə etmədim, amma tamaşaçı unutmadı. Heç verilişlərə də çıxmırdım. Bilirsiniz ki, müsahibə verməklə də aram yoxdur. Unudulmadım, çox sağ olsunlar. İndi də "Ailələr, talelər" verilişi barədə danışırlar".

25 il dövlət televiziyasında çalışan həmsöhbətimiz ona doğma olan məkandan ayrılma səbəbindən də danışıb: "AzTV-dən ayrılmaq qərarına gəlmədim, bu qərarı qəbul etmək məcburiyyətində qaldım. 25 il çalışdığım, bütün gücümü, bacarığımı sərf etdiyim işdən, təbii ki, digər həmkarlarım kimi, mən də istəməzdim. Amma, düşünürəm ki, insana işi ilə yanaşı, çalışdığı mühit də vacibdir. 13 il idi televiziyanın həyətinə ayaq basmırdım Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədova təşəkkür edirəm ki, bizi dəvət elədi. Çünki, bizim nəsil və bizdən əvvəlki nəsil, illərdir televiziyanın həyətinə ayaq basmırdılar. Çox həyəcanlı idik. Sanki illər əvvəl görmədiyimiz doğmamızı görürdük. Təkliflər oldu, amma qismət İctimai televiziya imiş".

Посмотреть эту публикацию в Instagram

Публикация от Naile (@naileislamzade)

nailə xanım hesab edir ki, son vaxtlar Aztv-də müasir verilişlər hazırlanır, yaxşı verilişlər də var. Amma Aztv öz akademikliyini qoruyub saxlamalıdır. Digər özəl kanallara oxşamamalıdır.

"On üç il ərzində multimedia mərkəzinin rəhbəri idim. Orada da özümü rahat hiss edirdim. Rahat olmadığım ortamdan, insanlardan qaçıram. Elə yerdən heç nə demədən gedirəm", - deyə həmsöhbətimiz bildirib. 

Nailə xanım film təklifləri də alıb:

"Televiziyaya təzə gələndə, bizə çox böyük maraq var idi. Bizi filmlərə çəkmək istəyirdilər. Senarilər göndərirdilər. Hətta sınaq çəkilişlərinə də çağırmışdılar. Rafiq Hüseynov dedi ki, "ya diktor olacaqsız, ya da aktrisa, seçin". Təbii ki, biz diktor kimi işə başlamışdıq, elə də davam etdik. Ondan sonra uzun müddət belə təkliflər olmadı. Bir dəfə Fərman Kərimzadə və Əbdül müəllimlə söhbət düşmüşdü. "Natəvan" filmini çəkmək istəyirdilər. Çox sevindim, çox xoşum gəlmişdi, amma filmin çəkilişi alınmadı. 2013-cü ildə Vaqif Mustafayev "Tək olanda qorxma" serialına dəvət elədi. Orada milli qəhramanın həyat yoldaşını oynayırdım. Tərəf müqabilim Türkiyədən dəvət olunmuş aktyor Levent Taşçı idi. Birinci seriada milli qəhrəman və həyat yoldaşı qəzaya düşür və ölür. Baxdım ki, ciddi bir ssenaridir, qəbul etdim. Ondan sonra bir dəfə təklif olundu, diqqətimi cəlb eləmədi".

Nailə xanım uzun ömürlü ailə sirrini fədakarlıqda görür: "Yoldaşım məni televiziyadan görüb bəyənib. Xalq artisti Ağakişi Kazımovla gəlmişdi. Məni Rafiq Hüseynov otağa çağırdı. Otağa girəndə gördüm 2 nəfər oturub. Ordan-burdan söhbət elədilər. Heç bilmədim məni niyə çağırıblar. Sən demə, qız görməyə gəliblərmiş. Ondan sonra Rafiq müəllim dedi ki, sənə görə gəlmişdilər. Müəyyən kriteriyalarımız uyğun gəldi, ailə qurduq. Ailəni qoruyub saxlamaq üçün fədakar olmaq lazımdır. Necə ki, bacı-qardaşınla sözün tərs gəlir, müəyyən müddət küsürsən və sonra barışırsansa, həyat yoldaşınla da elə olmalıdır. Güzəştə getmək lazmdır. Əgər güzəşt edə bilmirsənsə, onda ayrılın. Bəzən deyirlər "filankəs necə xoşbəxtdir, ailəsi var, uşağı var". Amma anlamırlar ki, onlar müəyyən çətinliklərlə gəlib ailə ola bilirlər. Həmişə ailədə hər iki tərəf fədakar olmur, yalnız bir təfər fədakar olur. Bizim ailəmizdə də fədakar mən olmuşam. Fədakarlıq edəndə də başına qaxınc etmək olmaz. Eləmisən eləmisən də".

Посмотреть эту публикацию в Instagram

Публикация от Naile (@naileislamzade)

Dəfələrlə açıqlama verdiyinə baxmayaraq, hələ də Nailə xanımı müğənni Akif İslamzadənin həyat yoldaşı sanırlar. Özü bu anlaşılmazlığın səbəbinə belə aydınlıq gətirib: "Akif müəllimin də yoldaşının adı Nailə idi, onların da bir oğlu vardı deyə, qarışdırırdılar. Amma indi səngiyib. Sosial şəbəkələrdə kimsə bu barədə soruşanda, istifadəçilər özləri dəqiqləşmə aparırlar".

"Ailədəki Nailə İslamzadə ilə ekranlarda gördüyünüz Nailə İslamzadə arasında fərq varmı?" deyə soruşduq. Cavabında dedi ki, heç bir fərq yoxdur: "Mən hansı situasiyaya düşsəm də, dəyişmirəm. Bayaqdan sizinlə necə danışıb-gülürəmsə, oturuşum-duruşum necədirsə, evdə də, işdə də beləyəm. Heç nə dəyişmir. Məndə kütləyə qarşı da heç bir kompleks yoxdur. Hər gün bulvarda yeriyirəm. Niyə də kompleks keçirim? Oturmuşuq, sizinlə söhbət edirik, sizinlə mənim aramda hansı fərq var? Hamımız eyni adamlarıq".

Müsahibimiz düşünür ki, gənc nəsillə hesablaşmaq lazımdır: "Yeniliklərə açığam. Amma ənənələrə üstünlük vermək şərti ilə. Yeni nəsillə söhbətim alınır, bu gələcəyə açılan pəncərədir. Onlarla hesablaşmaq lazımdır. Mən həmişə oğlumla hesablaşıram. Bilmədiyim şeyləri ondan öyrənirəm. Amma onun da bilmədiyi şeylər var ki, mənim bilgimə ehtiyacı var. Biz yeni nəsillə alış-veriş etməyi bacarmalıyıq. Mən çalışıram yeni gələn nəsilə kömək edim. Heç kimin paxıllığını çəkmirəm. Bəzən gözəl bir qadın, uğurlu bir insan görəndə üzlərini çevirir, saymazlıq edirlər. Amma əksinə etmək lazımdı. Baxmaq lazımdır ki, görəsən bu qadın niyə bu qədər uğurludur? Niyə buna baxdılar, niyə təriflədilər? O müsbət cəhətləri götürmək lazımdır".

Посмотреть эту публикацию в Instagram

Публикация от Naile (@naileislamzade)

Aparıcı illərə meydan oxuyan gözəlliyinin sirrini açıqladı: "Özüm özümün dietoloquyam. Biz nə yeyiriksə, ondan ibarətik. Yediyimiz qidaların dərimizin gözəlliyinə, insanın formasına çox böyük təsiri var. İdmanın və yeməyin vücudumuza təsiri böyükdür. Bunlar şərtdir. Amma sizi əmin edim ki, dərinin gözəlliyi, insanın vücudunun gözəlliyi ilə iş bitmir. Əgər insanın daxilində nur, işıq yoxdursa, əgər qadında xanımlıq yoxdursa, özünü təqdim etməyi bacarmırsa, inanın o gözəllik görünməyəcək. İnsanın gözündəki məna onun xasiyyətindən irəli gəlir. İnsanın içində saflıq yoxdursa, o gözəl olmayacaq. Daxilən gözəl olmasa, onun xarici gözəlliyinin heç bir əhəmiyyəti olmayacaq. Gözəllik faktorunun da rolu var təbii ki. Mənim boy-buxunum ana-atamdan keçib. Anam bəy qızı olub. Ola bilsin ki, əsillik oradan keçib. Xanım-xatın olmayan qadın gözəl ola bilməz. Yüksəkdən danışan, hər şeyə əsəbləşən, yeriyəndə addımlarına diqqət etməyən qadın gözəl ola bilməz, kosmetikanın bütün yeniliklərindən istifadə etsə belə. Xanımlıq həyat tərzi olmalıdır. Qadın cavanlığından özünə baxmalıdır ki, sonra da radikal dəyişikliyə ehtiyac olmasın".

"Mənim heç vaxt stilistim olmayıb. Həmişə geyimlərimi özüm seçmişəm, makiyajı özüm etmişəm. Hansısa stilistlə, vizajistlə işləməmişəm. İndinin özündə də makiyajımı özüm edirəm, geyimlərimi özüm seçirəm. Efirə də öz geyimlərimlə çıxıram", - deyə aparıcı əlavə edib.

Nailə İslamzadə son günlər  ictimaiyyət arasında geniş müzakirələrə səbəb olan fotosessiyası barədə də danışıb: "Bir müddət öncə fotosessiya etdirdim. Orada fotoqraf müxtəlif rakurslardan fotolarımı çəkdi. Tamaşaçılar elə bildilər ki, mən dəyişmişəm. Amma dəyişməmişəm, həmin Nailəyəm. Mən onu öz səhifəmiz üçün etmişdim. Müsbət də yazanlar oldu. Amma yeni tərzdə Nailə İslamzadəni qəbul etmirlər".

 

Xəbər lenti
0