İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 26 sentyabr — Sputnik. Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir. Artıq Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının hərbi hissələri odun yanacağı ilə tam təmin olunub. Təhsil, səhiyyə müəssisələri və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinin isə odun yanacağı ilə təminatı davam edir.
Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov danışıb.
O qeyd edib ki, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Bərdə və Ağcabədi Regional meşə təsərrüfatı mərkəzlərində bugünədək 35 000 m3 həcmində oduncaq tədarük olunub və dəyəri ödənilməklə aidiyyəti üzrə verilib.
Xıdırov vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət etməyi tövsiyə edib.
Xidmət rəisi əlavə edib ki, hazırda odun üçün meşə qırımı ilə bağlı problemli regionlar var: "Bunlardan Oğuz, Qəbələ, İsmayıllı rayonlarında odun üçün meşələrdən qırıntı aparmaq istəyənlər olub. Lerik rayonun yaşayış məntəqəsinin meşənin içində olması, qazlaşmanın zəif olması meşələrin qır;lmasına səbəb olur. Qazlaşmanın aparılması bizə də mühafizə işlərində kömək edər".
Onun sözlərinə görə, 2017-ci ildə qanunsuz qırım 55-56 min m3, 2018-ci ildə 28 min m3, 2019 cu ildə 18 min m3-dən yuxarı olub, hazırda isə 6 min m3-dir.
"Bir ağac da kəsilsə biz onu gizlətməyə meylli deyilik. Biz onu aşkarlamaqda maraqlıyıq. Ağac kəsiminə görə cərimələr 1000 manatl keçdikdən sonra işi açılır və məsələ ilə bağlı hüquq mühafizə orqabnlarına müraciət edilir" – deyən rəis vurğulayıb ki, bəzi kəndlər var ki, orada qaz olmadığına görə odundan yanacaq kimi istifadə edilir.
N. Xıdırovun bildirdiyinə görə, vətəndaşları odunla təmin etmək üçün zədələnmiş, xəstə, davamlılığı və texniki oduncaq keyfiyyətini itirmiş, yaşı ötmüş və aşmış ağaclar götürülür: "Həmin ağaclar əvvəlcədən Regional Meşə Təsərrüfatları mərkəzləri tərəfindən qeydiyyata alınır və nömrələnərək, xidmətə göndərilir. Daha sonra ağaclara Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən baxış keçirilir. Bundan sonra ağaclara rəy verilir və ağaclar tədarük edilərək oduncaq kimi verilir. Oduncağın kubu 15 manata satılır. Vətəndaş banka yaxınlaşır, 1 kub üçün 15 manat ödəyir və ona meşə buraxılış orderi ilə meşəyə buraxılaraq, odun alır".
Meşələrin qorunması üçün müşahidə kameraları, şlaqbaum qoyulur və həmin ərazilərin giriş-çıxışında xəndəklər qazılır.
N. Xıdırov ağacların məhv edilməsi ilə bağlı cərimələrin yetərli olmaması məsələsinə də toxunub: "Bununla bağlı müraciət edilib və təhlillər aparılır. Təsdiq edilməsi gözlənilir".
Onun sözlərinə görə, 2020-ci ildə 221 iş hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib, 262838 manat cərimə hesablanıb və ödənilməsi üçün addımlar atılıb. Meşə qırımları çox zaman meşəətrafı kəndlərdə baş verir.