Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 25 sentyabr — Sputnik. "Böyük Britaniyada pandemiya dövründə inzibati cərimələrin tətbiq olunmasından öncə və tətbiqindən sonrakı rəqəmlər ölkədə yoluxma sayının 40-60 faizədək azalmasını aşkara çıxardı. Bizdə xəbərdarlıq, maarifləndirmə olduğu halda eyni obyektdə təkrar nöqsanlar aşkarlanır. Lakin cərimə tətbiqindən sonra sahibkarlıq obyektində təkrar uyğunsuzluq hallarına rast gəlinmir".
Sputnik Azərbaycan-ın xəbərinə görə, pandemiya şəraitində mehmanxanalarda, eləcə də kafe və restoranlarda xidmətin təşkili ilə bağlı həyata keçirilən nəzarət tədbirləri haqda Azərbaycan Qida Təhlükəsziliyi Agentliyinin sədr müşaviri Elxan Mikayılov danışıb.
O bildirib ki, cərimələrin tətbiqi həmin sahibkarlıq subyektlərini daha məsuliyyətli çalışmağa vadar edir: "Çünki cərimə tətbiq edilən obyektlərdə təkrar yoxlamalar zamanı uyğunsuzluq hallarının pozulmasında azalmalar var".
"Biz KİV-dən istifadə etməklə çox geniş təbliğat işləri görürük. Bu posterləri bütün sahibkarlıq subyektlərinə elektron şəkildə göndəririk. Biz iki həftə ərzində mehmanxanalarda apardığımız monitorinqlərdə yalnız maarifləndirmə işləri gördük. Növbəti mərhələdə isə nəzarətə başladıq və tələblərə əməl etməyənlər cərimələndilər", - E.Mikayılov əlavə edib.
O bildirib ki, daha çox aşkarlanan faktlar sırasında insanların bir masa ətrafında daha çox cəmlənməsi, işçilərin maskalardan düzgün istifadə etməməsi, müştərilərin maskasız hərəkəti yer alır: "Biz ehtiyat maskalarının verilməməsi halları ilə də rastlaşırıq. Bundan başqa, bəzi ictimai-iaşə mərkəzlərində dezinfeksiya ilə bağlı problemlərlə qarşılaşırıq".