BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyini istisna etməyib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan mətbuat konfransında deyib.
“Sözsüz ki, bunu təsəvvür etmək çətindir, ancaq bu, mümkün ola bilər. Çünki biz 9 ay ərzində bir milyon insan itirmişik. Yaxın 9 ay ərzində vaksinin peyda olacağına da ayıq başla yanaşırıq”, - Rayan effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyi ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.
Onun sözlərinə görə, hazırda problemlər var, xüsusən bunlar peyvəndin maliyyələşdirilməsi, istehsalı və qiymətləndirilməsi ilə bağlıdır.
Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.