CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Babalı Sərvərin boynuna" - valideynlər niyə iltizam imzalamalıdırlar?

© AFP 2024 / LIONEL BONAVENTUREШкольники, фото из архива
Школьники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Təhsil haqqında qanunda icbari təhsil hüququ var. Şagirdin icbari təhsil hüququ təmin edilməlidir. Tutaq ki, xəstələnib evdə qalan şagirdin evində internetə əlçatanlıq yoxdur. Onun heç teledərsləri izləməsi üçün televizoru da yoxdur".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Artıq ötən həftədən etibarən övladı məktəbə gedən valideynlər məktəblərə iltizam imzalamaq üçün dəvət olunurlar. Şagirdlərin "WhatsApp" qruplarına sinif rəhbərləri tərəfindən iltizam formaları göndərilir və bu sənədi imzalayaraq sinif rəhbərinə təqdim etmək tapşırılır. Valideynlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, paytaxtda əksər valideynlər artıq bu sənədi doldurduqdan sonra imza ataraq sinif rəhbərinə veriblər.

Gülnar Səfərova adlı valideyn Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iltizamı hansı səbəbdən imzalaması tam olaraq ona aydın olmasa da, sinif müəllimi bütün valideynlərə bu sənədi imzalayaraq təhvil vermələrini tapşırıb: "Bizə müəllim bildirdi ki, iltizam ona görə imzalanır ki, kim uşağını məktəbə göndərməsə, uşaq gələcəkdə summativlərdə iştirak etməsə, ona qiymət yazılmayacaq. Bizə deyilən budur".

Sputnik Azərbaycan ölkədə yeni tədris ilində valideynlərə imzaladılan iltizamın hansı məqsəd daşıdığını, bunun valideyn və məktəbin üzərinə hansı məsuliyyət qoyduğunu araşdırıb.

Əlaqə saxladığımız 49 saylı İntellekt məktəb-liseydən Sputnik Azərbaycan-a bildirdilər ki, virus riskindən qorxaraq övladlarını məktəbə göndərməyə ehtiyat edən valideynlər məktəb rəhbərliyinə, yaxud da sinif rəhbərinə yaxınlaşaraq xüsusi iltizam formasına qol çəkməlidirlər:

"Hansı valideyn uşağını mövcud vəziyyətlə bağlı məktəbə gəlməsindən imtina edirsə, onlar virtual məktəbdən istifadə edə bilərlər. Eyni zamanda evdə keçiriləcək distant təhsildən istifadə edə bilərlər. Valideyn bu formanı imzalamaqla öz öhdəliklərini təsdiqləmiş olur. Öhdəliklərdə şagirdlərin virtual dərslərdə iştirakına, teledərslərə baxmasına, müəllim tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsinə, məktəbdə müntəzəm keçiriləcək kiçik və böyük summativ qiymətləndirmələrdə iştirakına təminat verilir. Öhdəliklərə əməl edilməsə, bu cür şagirdlərin biliyi qiymətləndirilməyəcək və onlar sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər".

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu sənədin  imzaladılması ilə bütün məsuliyyətin valideynlərin üzərinə qoyulması yolverilməzdir.

Школьница, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Bir il hana, bir il "dana"- İşləyən valideynlər iki yoldan birini seçməlidir

K.Əsədovun sözlərinə görə, iltizamın imzalanması ilə bağlı proses ilk dəfə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilib: "DİM-in tövsiyəsi ilə imtahan iştirakçıları imtahana gedərkən bəyannamə imzalamışdılar ki, mən və ailə üzvlərim virusa yoluxmamışam və yaxın 15 gündə təmasda olduğum insanlardan heç birində virus yoxdur. Bu, çox uğurlu addım idi. Nəticədə imtahanlar zamanı şagirdlər arasında yoluxma olmadı. Amma Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzindən fərqli olaraq bunu pərakəndə formada həyata keçirir. Tutaq ki, məktəbə gedən şagird sağlamdır. Amma orada tədrisi aparan şəxs tərəfindən virusa yoluxma ola bilər. Bu zaman da məsuliyyətin valideynin üzərinə qoyulması yolverilməzdir".

K.Əsədov deyir ki, valideynlərə iltizamın imzaladılması qanunvericilikdə nəzərdə tutulmayıb: "Bu sənədin imzaladılması sadəcə tövsiyə xarakterlidir ki, sabah heç kəs heç kəsi günahlandırmasın. Çox təəssüf ki, Təhsil Nazirliyi bu məsələyə birtərəfli yanaşıb. Alternativ təhsillə təmin olunma mərkəzi var. Bir tərəfdən tələb edirlər ki, xəstə uşaq dərsə gəlməsin. Digər tərəfdən isə icbari təhsili tam təşkil edə bilmirlər. Təhsil haqqında qanunda isə icbari təhsil hüququ var. Şagirdin icbari təhsil hüququ təmin edilməlidir. Tutaq ki, xəstələnib evdə qalan şagirdin evində internetə əlçatanlıq yoxdur. Onun heç teledərsləri izləməsi üçün televizoru da yoxdur. Bu zaman necə olacaq? Həmin şagirdin icbari təhsil hüququ necə təmin olunacaq? Çox təəssüf ki, bu məsələdə Təhsil Nazirliyi öz məsuliyyətlərini valideynin üzərinə atmağa çalışır".

Ekspert deyir ki, şagird məktəbə gedirsə, valideyn bu iltizamı imzalamalıdır:

"Amma o sənəddə məktəbin üzərinə düşən məsuliyyət əks olunmayıb. Şagird virusa məktəbdə də yoluxa bilər. Bəlkə, məktəbdə müəllim, yaxud direktor xəstədir. Axı onlar hər hansı iltizam imzalamadan məktəbə buraxılırlar. Amma Təhsil Nazirliyi valideynlərə iltizam imzaladır. Onsuz da təhsilin yükü valideynlərin üzərindədir. Valideynlər övladlarının bilik əldə etməsi, daha yaxşı nəticə göstərməsi üçün repetitora müraciət edirlər. İndi bu iltizam sənədi ilə daha bir məsuliyyət valideynlərin üzərinə yükləndi".

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblər tərəfindən valideynlərə iltizamın imzaladılması Təhsil Nazirliyinin müvafiq təlimatıdır: "Şagird əyani təhsili seçirsə, onun  keyfiyyətli təhsil alması üçün məsuliyyəti məktəb daşıyır. Amma uşaq məktəbə getmirsə, bu zaman onun virtual şəkildə keçirilən dərslərə qoşularaq lazımi bilik əldə edəcəyinə valideyn məsuliyyət götürür".

20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda bir məktəb koronavirusa görə distant təhsilə keçib

C.Valehovun sözlərinə görə, valideynlər iltizam formasına imza atdıqda şagirdin keçirilən summativlərdə iştirak edəcəyini və onun biliyinin məktəb tərəfindən qiymətləndiriləcəyini nəzərə almalı, öz övladlarının dərs proqramını mənimsəməsinə nəzarət etməlidirlər.

İltizam sənədində qeyd edilir ki, valideynlər pandemiya dövründə məktəbli övladlarında və ya digər ailə üzvlərində tənəffüs yolları şikayətləri, qızdırma, öskürək, nəfəs darlığı, ishal, COVID-19 xəstəliyi ilə bağlı hər-hansı şikayətlər olduqda, övladını məktəbə gətirməməsi və bu vəziyyətlə bağlı məktəb rəhbərliyinə məlumat verməlidir. Özündə və ya yaxınlarında xəstəlik simptomları olan təhsilalanların müəyyən olunmuş dövr ərzində məktəbdə keçirilən əyani dərslərə gəlməməsi barədə bütün təhsilalanların valideynləri (qanuni nümayəndələri) ilə iltizam forması imzalanır. Həmçinin valideyn pandemiya dövründə övladının ümumi təhsil müəssisəsinə gəlməsini onun səhhəti üçün təhlükəli hesab etdiyi halda onun teledərslərə baxmasını, virtual dərslərdə iştirakını, müəllimləri tərəfindən verilmiş tapşırıqların vaxtında yerinə yetirməsini və eləcə də müstəqil öyrənməsini təmin edəcəyi barədə yazılı öhdəlik götürür.

Xəbər lenti
0