BAKI, 24 sentyabr — Sputnik, Aleksey Stefanov. Rusiya Dövlət Dumasının deputatı Yevgeni Primakov bu il iyunun sonunda "Rossotrudniçestvo" agentliyinin rəhbəri təyin edilib. O, dərhal Rusiya agentliyinin fəaliyyətində ciddi dəyişikliklər vəd edib.
“Rossotrudniçestvo”nun yeni rəhbəri Rusiyanın ali məktəblərində xarici vətəndaşların təhsil alması üçün kvotaların ayrılması sistemini ağrılı mövzulardan biri kimi qeyd edib.
"Kvotaların sayı artacaq. Prezident deyib ki, onların sayı daha çox olacaq. 2023-cü ilə qədər kvotaların sayı iki dəfə artmalıdır. Amma biz Təhsil və Elm Nazirliyindən, Dövlət Dumasından olan həmkarlarımızla müzakirə edirik ki, kvota ilə bağlı söhbət özü o qədər də səmərəli deyil", – Primakov Sputnik agentliyinə bildirib.
O, Belarusu nümunə gətirib – bu ölkə üçün ali məktəblərdə çox sayda büdcə yerləri ayrılıb, lakin Rusiya üçün "hətta Polşa ilə rəqabət aparmaq çətindir".
"Polyaklar yalnız oxumağa imkan vermir, həm də bəzi təqaüdlər, tələbələr üçün qrantlar ayırırlar. Biz əgər uşaqlara yalnız gəlmək və oxumaq təklif ediriksə, rəqabət aparmaq çətindir. Sistemi təkmilləşdirmək lazımdır ki, müəyyən məqamda heç olmasa bu kvotaların bir hissəsində qrantlar və təqaüdlər komponenti olsun. Yalnız "gəl oxu" yox, həm də təyyarə bileti, ev və ya yataqxana haqqını ödəmək imkanı olmalıdır", – Primakov bildirib.
O deyib ki, "Rossotrudniçestvo" əcnəbi tələbələrin Rusiyaya gələrək təhsil aldıqları sahədə yüksək səviyyəli mütəxəssis və ekspert olmalarında, təhsil alandan sonra isə evə qayıdaraq orada onlar üçün əhəmiyyətli mövqe tutmasında, yaxşı işlərinin olmasında maraqlıdır. Lakin indiki sistemdə bu planları həyata keçirmək tez-tez mümkün olmur.
“Rusiyaya gələn uşaqlar var ki, onlar ağır şəraitə düşürlər, dalandar, taksi sürücüsü kimi işləməyə gedirlər. Bu, hətta bizim büdcə vəsaitlərimizin bu uşaqların təhsilinə xərclənməsi baxımından da düzgün deyil", – Primakov bildirib.
O, əlavə edib ki, hələ ki kvotaların ayrılması sistemində islahatların aparılması ilə bağlı aydın planlar yoxdur, problem hələ yalnız müzakirə olunur. Lakin Primakov əmindir ki, islahatsız artıq olmaz.
Xarici tələbələr üçün büdcə yerlərinin 15 mindən 30 minə artırılması məsələsi 2020-ci ilin əvvəlində Dövlət Dumasında geniş müzakirə olunub. Həmin vaxt Dumanın MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov 15 min yerin Rusiyanın beynəlxalq roluna və humanitar qüvvəsinə uyğun gəlmədiyini deyib. O da təkcə Belarus vətəndaşları üçün 10 min büdcə yeri ayıran Polşanı və hər il 5 min Moldova vətəndaşını pulsuz oxudan Rumıniyanı nümunə gətirib. Halbuki Rusiyada təhsil almaq üçün müraciət edən əcnəbilərin sayı 100 min nəfərə yaxındır. Nəticədə, Təhsil və Elm Nazirliyi əcnəbi tələbələr üçün kvotaların sayını 30 min nəfərə qədər artırmağı planlaşdırır.