Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 22 sentyabr — Sputnik. Yay mövsümü başa çatıb və pandemiya ilə əlaqədar olaraq yay turizmi demək olar ki, ölkəyə gəlir gətirməyib. İndi turizmçilər ümidlərini payız-qış mövsümünə bağlamağa başlayıblar: əgər ölkədə COVID-19-la bağlı durum sabit olsa, daxili turizm müəyyən qədər inkişaf edə və gəlir gətirə bilər.
Amma burada da məsələlərə kreativ yanaşma tələb olunur. Məsələn, payız-qış mövsümlərində daxili turizmin qolu kimi sağlamlıq turizminin inkişafını nəzərdən keçirmək olar. Bəs mütəxəssislər bu barədə nə düşünür?
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm sektorunun fəaliyyəti yenidən bərpa olunarsa belə, hər şey əvvəlki kimi olmayacaq: "Yay mövsümü başa çatır, amma bizim əsas hədəflərimiz yalnız bir mövsümlük deyil, 365 günlük turizmdir. Yəni, ilin hər bir zamanında turizm inkişaf etdirilməlidir".
Həmsöhbətimiz deyir ki, Azərbaycanda sağlamlıq turizminin yaradılmasına ehtiyac var:
"Biz bununla bağlı təkliflər də hazırlamışıq. Bu zaman ənənəvi məkanları - Qalaaltı, Naftalan, Duzdağı, Abşeron yarımadasının sağlamlıq turizm məkanlarını unutmamışıq. Hədəfimiz digər məkanlarda da yeni sağlamlıq turizm məkanlarının yaradılmasıdır. Bu gün bununla bağlı təşviq siyasəti və investisiyaların qoyulması çox zəruridir".
Turizm üzrə ekspert Çingiz İsmayılov qış turizminin inkişafı üçün perspektivlərdən danışarkən deyib ki, pandemiya şəraiti yumşalmır, əskinə daha da kəskinləşir. Gürcüstanda rəqəmlər artmaqdadır, Rusiyada da COVID-19-la bağlı rəqəmlər artır. İndiki dönəmdə Azərbaycana xarici turistin gəlmə ehtimalı çox azdır, hətta yoxdur. Bu səbəbdən də ilin sonunadək Azərbaycanda xarici turist artımından söhbət belə gedə bilməz.
Daxili turizmə gəldikdə isə mütəxəssis hesab edir ki, indiki şəraitdə Azərbaycanda onlayn tədris başlayıb və valideynlər uşaqları ilə birgə bu dərslərə qoşulurlar. Yəni, artıq onların bölgələrə üz tutmaq imkanı azalıb. Bu səbəbdən də daxili turizmlə bağlı sevindirici bir şey demək mümkün deyil.
"Sevindirici hal odur ki, Gürcüstandan fərqli olaraq, bizdə turizm Ümumi Daxili Məhsulun formalaşamasında önəmli yer tutmur. Gürcüstanda bu rəqəm 30-40 faizdirsə, bizdə heç 10 faiz də təşkil etmir. Bizdə real sektor əsasən istehsal sahəsidir. Burada əhalinin məşğulluğu da ümumi məşğulluğun xüsusi çəkisində o qədər də çox deyil ki, deyək kütləvi işsizlik yaransın. Bu səbəbdən də turizmin tənəzzülü Gürcüstan, İspaniya, Türkiyə, Yunanıstan kimi ölkələrə daha böyük zərbə vuracaq, nəinki bizə", - deyə ekspert bildirib.
Turizm sektorunun tənəzzüldən çıxışı da uzun zaman alacaq deyən İsmayılov, qış turizmi ilə bağlı mövcud problemlərdən danışıb:
"Azərbaycanda qış turizmi zəif inkişaf etmiş sahədir. Ümumiyyətlə, qış turizmindən başı çıxan mütəxəssislərimiz də çox azdır. Lakin indi imkan varkən gələcək haqda da düşünmək olar. Çünki qış turizminin müxtəlif qolları var və bunun üçün struktur hazırlanmalıdır. Öncə bu sahə ilə bağlı mütəxəssislər yetişdirilməlidir. Yay turizmi ilə müqayisədə qış turizmində vəziyyət dramatikdir. Bununla bağlı proqram da tərtib olunmalıdır".
Vaxtilə qış turizmi ilə bağlı ideyalarının olduğunu vurğulayan İsmayılov, onların həyata keçmədiyini deyib: "Turizm, eləcə də daxili turizm dedikdə biz yeyib-yatmağı nəzərdə tutmuşuq. Əksəriyyət istəyir ki, yeyib-yatsın, sahilə, dənizə, dağa baxsın. Yəni, yerli turistlərimiz fəal deyil. Halbuki həm yayda, həm də qışda turizmin bir qolu olaraq gəzinti təşkil etmək olar. Xəzər dənizində qış adasını görmüsüz? Heç kəsin təsəvvürü yoxdur ki, qışda bizim adalar necə olur. Qışda adalara turlar təşkil etmək olar. İdeyalar çoxdur, sadəcə olaraq, mütəxəssislər və bu istiqamətdə təbliğat olmalıdır".
Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi mövcud durumu şərh edərək payız və qış mövsümlərində turizmdən gəlir əldə etməyin yollarını açıqlayıb: "Hələlik fərqlənmə inşanı olmayan nəqliyyatların şəhərlərarası fəaliyyətində məhdudiyyətlər qalır. Bundan başqa, şəhərlərarası ictimai nəqliyyatlar, qatarlar hələ də işləmir. Məncə, müəyyən qaydalara əməl etməklə bu nəqliyyatların da fəaliyyətini bərpa etmək olar. Çünki bu gün yalnız şəxsi, yaxud da tanış birinin avtomobili ilə bölgələrə üz tutmaq mümkündür".
Sağlamlıq turizmi ilə bağlı mövcud problemə toxunan həmsöhbətimiz təkliflərini də açıqlayıb: "Naftalan nefti əsasında xidmət göstərən şirkətlərdə bəzi işlər düzgün yerinə yetirilmir. Müalicə almaq istəyən şəxs hansısa regiona üz tutanda, ona dolğun əyləncə proqramı təklif olunmalıdır. Bu cür proqramlar turistlərin yaşından, maraqlarından asılı olaraq da dəyişə bilər. Bu gün bizim hər bir regionun özünəməxsusluğu var. Bunlardan istifadə edərək dolğun turlar yaratmaq olar".
Dübəndi buna misal olaraq, Lənkəran, Naftalan, Naxçıvanı göstərib. Qeyd edib ki, Naxçıvanda "Duz dağı" var. Burada da müxtəlif xəstəliklərdən müalicə olunmaq mümkündür. Odur ki, turları daha da təkmilləşdirmək olar. Ora dərketmə və əyləncə proqramlarını da daxil etmək mümkündür.
"Bizdə müalicəvi otlardan tutmuş termal sularadək, sağlmalıq turizmini inkişaf etdirmək üçün imkanlarımız var. Palçıq vulkanlarımız daha çox seyr üçün nəzərdə tutulur, müalicə məqsədi ilə istifadə edilmir. Abşerondakı duzlu göllərdə isə yüngülvari olaraq müəyyən xidmətlər göstərilir. Lakin ciddi təşkil olunmuş xidmət və servis yoxdur. Biznes sektoru üçün də bu sahələr maraqlı olmalıdır. Yerli və xarici investorlarda müalicə turizminə maraq yaradılmalıdır", - deyən Dübəndi əlavə edib ki, bizim təbii sularımızın keyfiyyəti heç də dünyaca məşhur təbii su brendlərindən geridə qalmır. Arı və balla terapiyanı da genişləndirmək mümkündür. O, əlavə edib ki, sağlamlıq turizmi üçün bir xəritənin yaradılmasına da ehtiyac var.