BAKI, 22 sentyabr — Sputnik. Ay Yerin ən böyük, ancaq tək peyki deyil.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, zaman-zaman planetə cazibə qüvvəsi ilə tutulan, bir neçə ay və ya illər ərzində orbitdə fırlanan kiçik asteroidlər yaxınlaşır.
Bütün müşahidə dövründə iki belə mikropeykin - 2006 RH120 (2006-2007) və 2020 CD3 (2018-2020) mövcudluğu isə rəsmi olaraq təsdiqlənib.
Bir müddət əvvəl isə astronomlar Yer istiqamətində hərəkət edən 2020 SO adlı yeni obyekt aşkarlayıblar. Hesablamalara görə, o, 2020-ci ilin oktyabr ayına qədər çatacaq və 2021-ci ilin may ayına qədər qalacaq.
Bundan sonra obyekt yenidən səyahətə davam edəcək.
Alimlər hesab edirlər ki, 2020 SO-nun bəzi xüsusiyyətləri asteroidə deyil, süni bir cismə uyğun gəlir.
Onun orbiti Yerin orbitinə bənzəyir və Günəş ətrafında fırlanma dövrü bir Yer ilindən bir az çoxdur. Ekssentrisiteti (orbit şəklinin ideal bir dairədən kənarlaşması) Yerdən yalnız bir qədər çoxdur. Obyektin sürəti adi asteroiddən xeyli aşağıdır.
2020 SO-nun həqiqətən kosmik zibil olması mümkündür. Tədqiqatçıların fikrincə, bu, 1966-cı ildə buraxılan Atlas-Sentavr raketinin pillələri ola bilər. O, Aya insansız bir vasitə göndərməli idi, ancaq qəza baş verdi.
NASA-nın məlumatına görə, obyektin uzunluğu 6,4 ilə 14 metr, Sentavr pilləsi isə 12,68 metr idi.
Alimlərin fikrincə, belə dağıntıların kosmosda hərəkəti gözlənilməzdir, çünki onlar eyni zamanda bir neçə amildən təsirlənir.
2020 SO–nun 2020-ci ilin dekabrın 1-də Yerdən təxminən 50000 kilometr məsafədən keçəcəyi və 2 fevral 2021-ci ildə 220000 km yüksəklikdə uçacağı qeyd edilir.