CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn aydan məktəblərlə bağlı təhlükə daha da böyüyəcək

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidДевочка в школе, фото из архива
Девочка в школе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz bütün əhalini testdən keçirdə bilmərik. Sağlam daşıyıcılarda koronovirusun əlamətləri yoxdur. Bu halda belə xəstələri müəyyən etmək çətindir" - Nəsib Quliyev

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Yeni tədris ilinin başlanmasından bir həftə keçməmiş məktəblərdə şagirdlər, eləcə də pedaqoji heyət arasında koronavirusa yoluxma faktları aşkarlandı. 

Люди в медицинских масках на улице в Баку во время особого карантинного режима - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda vaksin müzakirələri: Koronavirusla gələcək mübarizəyə necə hazırlaşırıq?!
Təhsil Nazirliyinin yaydığı məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur. Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.

Qeyd edək ki, oktyabrın 1-dən etibarən məktəblərdə əyani təhsil alacaq şagirdlərin sayı artacaq. Oktyabrın 15-dən isə bütün siniflər üzrə əyani təhsil həftədə iki və üç dəfə olmaqla təmin olunacaq. Sputnik Azərbaycan bu halda əyani tədrisin davam etdirilməsinin təhlükəsini araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin vaxta qədər mütləq müəyyən tədbirlər sistemi işləyib hazılamaq lazımdır: "Hələ on gün vaxtımız var. Bu müddətə qədər müəyyən tədbirlər hazırlanmalıdır ki, təhsilverənlər və təhsilalanlar arasında yoluxma sayı çox olmasın".

C.Əliyev bildirir ki, çoxlu toplaşım yerləri harada varsa, yoluxma riski böyükdür:

"Qapalı müəssisələrdə, xüsusən məktəblərdə isə əyani təhsilə başlamaq üçün çox ehtiyatlı olmalıyıq. Yuxarı sinif şagirdləri maska taxa bilərlər. Amma məktəblərdə şagird sayının artması maskanın effektivliyini azalda bilər. Biz bu gün böyük ticarət mərkəzlərini də buna görə açmırıq ki, belə yerlərdə adam sayı çox olur. Düşünürəm ki, oktayabrın 1-dək məktəblərdə yoluxma riskinin artmasının qarşısını almaq üçün mütləq əlavə tədbirlər görülməlidir".

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insanların harada cəmləşməsi artırsa, orada yoluxma artır. Bu baxımdan baş pediatr məktəblərdə şagird sayının artmasının koronavirusa yoluxma riskini artıracağını istisna etmir: "Gündəlik tələb olunan tədbirlər məktəblərdə yerinə yetirilməlidir. Biz bütün əhalini testdən keçirdə bilmərik. Sağlam daşıyıcılarda koronovirusun əlamətləri yoxdur. Bu halda belə xəstələri müəyyən etmək çətindir. Bunun yeganə yolu kütləvi tetsdən keçirtməkdir ki, bu da mümkün deyil".

Вакцинация, фото из архива - Sputnik Azərbaycan
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır

N.Quliyev deyir ki, məktəbdə şagirdlər və müəllimlər arasında yoluxmanın necə baş verdiyi barədə qəti fikir söyləmək olmaz: "Ola bilər ki, o uşaqlar və müəllimlər əvvəldən yoluxublar. Dərslər bir həftədir ki, başlayıb. Bir həftə ərzində həm yoluxma, həm xəstəliyin aşkara çıxması bütün hallarda mümkün olmur. Bu, bəzi hallarda mümkün ola bilər. O da xəstəliyin sürətlə inkişaf etdiyi halda. Təsadüfi deyil ki, koronavirusa yoluxma şübhəsi olanları 14 gün karantində saxlayırlar. Bu xəstəlik dörd-beş günə də özünü büruzə verə bilər, 14 günə də. Ona görə də müəllim və şagirdlərin harada yoluxduğunu söyləmək çətindir. Demək olmaz ki, yoluxub məktəbə gəlib, yoxsa sağlam gəlib, məktəbdə yoluxub. Bir həftə müddətində yoluxma olduğunu söyləyə bilmərik. Ona görə də tibbi maska, sosial məsafənin qorunması və gigiyenik tələblərə əməl edilməklə yanaşı, digər qoruyucu üsullara - əşyaların qarışdırılmamasına, şagirdlər arasında təmasın azalmasına əməl edilməlidir".

N.Quliyev bildirir ki, məktəblərdə şagird sayının artacağı fonunda yoluxma riski böyüsə belə, tədrisi saxlamaq da mümkün deyil: "Operativ Qərargahın mart ayından təhsili dayandırması səbəbsiz deyildi. Amma biz tədrisi də həmişə dayandıra bilmərik. Biz ona görə də "qızıl orta"nı tapmalıyıq. Bu virusla bağlı ən böyük təhlükə odur ki, yalnız əlamətlər özünü büruzə verdikdə xəstələri aşkar etmək mümkündür. Ona görə də xəstəlik əlaməti olduqda müayinəyə göndərirlər. Daşıyıcılarda isə bunu müəyyən etmək mümkün deyil. Ona görə də daha çox diqqətli olmalıyıq. İnsanların harada cəmləşməsi artırsa, orada yoluxma artır".

Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumat yayıb>>

Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirir ki, bu gedişlə iki həftə sonra tədris prosesi dayandırılacaq: "Məktəblərdə şagird və müəllimlər arasında koronavirusa yoluxma halları baş verib. Bu, gözlənilən idi. Çünki qabaqlayıcı tədbirlər yox həddindədir. Bu gedişlə iki həftə sonra tədris prosesi dayandırılacaq".

Onun sözlərinə görə, bu gün Bakı şəhərində 30-dan çox məktəbin qarşısında monitorinq aparıb: "Valideynlər məktəbə buraxılmırlar. Amma bu, həll yolu deyil. Şagirdlər məktəbə eyni girişdən daxil olub, elə həmən girişdən də çıxmamalıdırlar. Dərslər növbəli olduğuna görə bir qrup dərsdən çıxanda o biri daxil olur və qapının ağzında sıxlıq yaranır. Məktəbin bir neçə çıxışı istifadə edilməlidir".

Ekspert qeyd edib ki, məktəbin qarşısında valideyn sıxlığının yaranmaması üçün xüsusi işarələnmə olmalıdır:

"Valideynlər ancaq xüsusi işarələnmiş yerlərdə dayanmalıdırlar. Yaşlı şəxslərin şagirdləri məktəbə gətirməsinə bir müddət məhdudiyyət qoyulmalıdır. Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq".

Qeyd edək ki, yeni dərs ili hələ təzə başlasa da artıq valideynlər arasında koronovirusdan ehtiyatlanaraq övladını məktəbə göndərməkdən imtina edənlər var. Təhsil Nazirliyinin yaydığı məlumata görə, ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin (1, 26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı (müəllim, texniki heyət və rəhbər heyət) 65 460 nəfər olub. Bildirilib ki, respublika ərazisində fəaliyyət göstərən məktəblərin binasına daxil olan bütün şəxslərin hərarəti yoxlanılır, 37.1-dən yuxarı olan şagirdlər və ya işçi heyəti məktəbə buraxılmırlar. 21 sentyabr 2020-ci il tarixində hərarəti 37.1-dən yuxarı olan şagird və işçi heyətinin sayı Bakı şəhərində 21, bölgələrdə isə 29 nəfər olub. Belə ki, hərarəti yüksək olan şagird və işçi heyəti barədə tibb müəssisələrinə məlumat verilir, bu şəxslərin müvafiq qaydada test olunması nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir.

Xəbər lenti
0