BAKI, 22 sentyabr — Sputnik. Dünya ayırıcı xətlərdən, dövlətlərin "özününkülər"ə və "yadlar"a bölünməsindən bezib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının yüksək səviyyəli sessiyasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri adından videomüraciətdə bildirib.
“Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif regionlarında silahlı münaqişələr tüğyan edir. Bunlara müasir dövrün kəskin təhdidləri əlavə olunur: beynəlxalq terrorizm, narkotik və kibercinayətkarlıq, iqlim dəyişikliyi. Bu il bu siyahıya daha bir qorxulu çağırış — sosial-iqtisadi və digər sahələrdə ciddi böhran doğurmuş koronavirus pandemiyası – əlavə olunub", — diplomat bildirib.
Onun sözlərinə görə, ildən-ilə qlobal problemlərə reaksiya vermək daha da çətinləşir, xüsusən də artan parçalanma şəraitində. Lavrov vurğulayıb ki, bu vəziyyət bir sıra ölkələrin digər dövlətlərin qanuni maraqları ilə hesablaşmaq istəməməsi ilə çox bağlıdır.
O qeyd edib ki, "qaydalara əsaslanan dünya nizamı" kimi konsepsiya və standartların tətbiqi işə düşür. Bu, ölkələrin daxili işlərinə müdaxilə cəhdləri, BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərinin pozulması ilə birtərəfli sanksiyaların tətbiqi, dözümsüzlük və nifrət təzahürləri ilə müşayiət olunur.
"Lakin tarixin təbii gedişini dəyişmək olmaz. Bu gün beynəlxalq aləmdə yeni iqtisadi inkişaf mərkəzləri möhkəmlənir, silahlı münaqişələrin sırf dinc vasitələrlə aradan qaldırılmasına ehtiyac güclənir, qarşılıqlı asılılıq artır. Dünya ayırıcı xətlərdən, dövlətlərin "özününkülər"ə və "yadlar"a bölünməsindən bezib, dünya hərtərəfli qarşılıqlı yardım və əməkdaşlığın genişləndirilməsini tələb edir. Başqa sözlə, 75 il əvvəl BMT-nin yaradılması zamanı ifadə edilmiş məqsədlər getdikcə daha da aktuallaşır", – nazir hesab edir.
Lavrov həmçinin tarixi yenidən nəzərdən keçirmək, faşizm üzərində Qələbəyə töhfə vermiş xalqların rolunu aşağı salmaq cəhdlərini absurd adlandırıb. O, keçmişin dərslərini xatırlamağa, azadlıq döyüşçülərinin qəhrəmanlığına ehtiramla yanaşmağa, onların şöhrətinə ucaldılmış abidələrin mühafizəsini təmin etməyə çağırıb.
Rusiya XİN başçısının sözlərinə görə, müasir şəraitdə BMT öz nizamnaməsinə ciddi uyğun şəkildə ahəngdar iş aparan effektiv bir qurum olaraq qalmalıdır, BMT sisteminin əsas orqanlarının mandatlarının silinməsinə və onların səlahiyyətlərinin təkrar edilməsinə yol verilməməlidir.
Lavrov qeyd edib ki, münaqişələrin beynəlxalq hüquq normaları əsasında danışıqlar çərçivəsində sırf dinc, diplomatik vasitələrlə həlli dünya birliyinin əsas vəzifələrindən biri, terrorçuluğa və onun mütəşəkkil cinayətkarlıqla birləşməsinə qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi isə qeyd-şərtsiz prioriteti olmalıdır.
Nazir, həmçinin, qlobal sabitliyi qorumaq üçün silahlara nəzarət, tərksilah və silahların yayılmama sistemini zəiflətməyə yönəlmiş cəhdlərə qarşı durmağa çağırıb.