BAKI, 22 sentyabr — Sputnik, Mariya Namenko. Rusiya Dövlət Dumasının deputatları sentyabrın 23-də Azərbaycanın parlament nümayəndə heyəti ilə görüşəcəklər. Bu barədə Sputnik-ə Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.
"Sabah Dövlət Dumasında Vyaçeslav Volodinin (RF Dövlət Dumasının sədri – red.) Azərbaycan nümayəndə heyəti ilə böyük görüşü keçiriləcək. Bizim tərəfimizdən 8-10 nəfər olacaq", – o bildirib.
Kalaşnikov dəqiqləşdirib ki, görüşün gündəmindəki əsas məsələlərdən biri "xüsusilə də koronavirus pandemiyası şəraitində Azərbaycan parlamentinin yeni tərkibi ilə necə işləmək" barədə razılığa gəlməkdir.
"Biz iki palata arasında yüksək səviyyəli komissiya yaratmaq fikrindəyik. Ümid edirəm ki, hələ keçmiş heyətlə birgə nəzərdə tutduğumuz bütün fikirlərimizdən bəlkə də xəbərdar olmayan parlamentin yeni heyəti üçün məhz bu görüş faydalı olacaq", – deputat əlavə edib.
Xatırladaq ki, 2020-ci il fevralın 9-da Azərbaycanda ilk növbədənkənar parlament seçkiləri keçirilib.
"Bir sözlə, Xəzərlə bağlı sazişdən iqtisadiyyata və pandemiyaya qədər geniş məsələlər spektrini müzakirə etməliyik", – Kalaşnikov bildirib.
Milli Məclisin spikeri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Moskvaya səfəri sentyabrın 23-dək davam edəcək. Azərbaycan parlamentinin sədri Federasiya Şurasında çıxış etməyi və Təhlükəsizlik Şurasının sədri Valentina Matviyenko ilə görüşməyi də planlaşdırır.
Bundan başqa, Milli Məclisin mətbuat xidməti Sahibə Qafarovanın Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşəcəyini elan edib.