BAKI, 22 sentyabr — Sputnik. Amerikalı ifaçı Ledi Qaqa birdən-birə şöhrət qazanmasının onda intihar düşüncələri yaratdığını deyib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, məşhurluğu onun ruhi sağlamlığına təsir edib. "Bunu anlayandan sonra hər gün özümü öldürmək barədə düşünmüşəm" deyən 34 yaşlı müğənni bu barədə CBS News-a müsahibəsində bildirib.
Müsahibə zamanı müğənni sevimli pianosunu göstərib. Onun sözlərinə görə, məşhurlaşandan sonra bu musiqi alətinin onun həyatını məhv etdiyi qənaətinə gəlib, çünki mahnıları onunla yazmışdı, onu Ledi Qaqa edən o idi.
"Tamamilə ümidsizləşdim, məşhur olmaqdan, ulduz olmaqdan nifrət etdim. Özümü yorğun və tükənmiş hiss edirdim", - deyə müğənni xatırlayır.
Onun sözlərinə görə, "MTV Video Music Awards"-un üç mükafatına layiq görülən "Chromatica" adlı son albomu sayəsində depressiyadan çıxa bilib.
"Artıq Ledi Qaqaya nifrət etmirəm. Heç vaxt olmayacağını düşünsəm də, özümü yenidən sevməyin bir yolunu tapdım", - deyə ulduz etiraf edib.
Bundan əlavə, Ledi Qaqa "Rain on me" adlı mahnısını birgə bəstələdiyi Ariana Grande ilə dostluğunun ona kömək etdiyini qeyd edib.