BAKI, 21 sentyabr — Sputnik. Son zamanlar qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, topdan və pərakəndə satış obyektlərində, bazarlarda və yarmarkalarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan dövlət baytarlıq nəzarəti tədbirləri zamanı bir sıra heyvan mənşəli məhsulların, o cümlədən ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsulların dövlət baytarlıq nəzarətinə təqdim edilmədən satışının həyata keçirildiyi faktları aşkar edilməkdədir. Sputnik Azərbaycan-ın məlumatına görə, AQTA bununla bağlı xəbərdarlıq edib.
Agentliyin məlumatında qeyd olunur ki, cari ildə ölkəyə idxal olunan quş əti və məhsulları üzərində həyata keçirilən risk əsaslı nəzarət tədbirləri zamanı laborator müayinələr üçün nümunələr götürülmüş və normativ texniki sənədlərin tələblərinə cavab verməyən Rusiya, Belarus, Ukrayna, Gürcüstan mənşəli 49.307 ton toyuq məhsulu məhv edilib, 30.964 ton toyuq məhsulu isə geri qaytarılıb: "Təəssüflə deməliyik ki, yerli quşçuluq müəssisələrində də aparılan monitorinqlər zamanı aşkar olunan norma və qayda pozuntuları bu sahədə vəziyyətin qənaətbəxş olmadığının göstəricisidir. Bəzi təsərrüfatlar nəinki özləri effektiv baytarlıq nəzarətini təşkil etmir, həmçinin dövlət baytarlıq nəzarətinin təmin edilməsinə də maneələr yaradılmasına cəhd edirlər.
Agentlik tərəfindən bu müəssisələrdə nəzarət qaydasında həyata keçirilən fəaliyyət zamanı quş cəmdəklərinin ayaqqabı sənayesində dərilərin boyanması üçün istifadə edilən anilin boyası vasitəsilə sarı rəngə boyanaraq kənd toyuğu adı altında insanlara satılması, toyuğun çəkisini artırılması məqsədilə cəmdəklərə 30-40 faiz su vurulması, istifadə müddəti keçmiş quş əti və məhsullarının, habelə yumurtanın istehsal tarixini dəyişərək yenidən satış şəbəkələrinə qaytarılması, müxtəlif xəstəliklərdən quşların kütləvi ölüm hallarının gizlədilməsi və s. kimi halların aşkar olunması bu müəssisələrə dövlət nəzarətinin vacibliyini bir daha zəruri edir. Aşkar edilən bu pozuntular ictimailəşdirilərək, geniş istehlakçı kütlələri məlumatlandırılıb və əhalinin ciddi və haqlı qınağı ilə qarşılanıb".
"AQTA bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə, ticarət və ictimai iaşə müəssisələrinin rəhbərlərinə ciddi şəkildə xəbərdarlıq edərək bildirir ki, dünyada yayılmaqda olan COVID-19 pandemiyası şəraitində bəzi işbazlar təsərrüfat subyektlərinin sahibləri ilə əlbir olaraq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən heyvan mənşəli məhsulların satışa təqdim edilməsi hallarına yol verirlər ki, bu da əhali arasında kəskin zoonoz infeksiyalarının yaranmasına səbəb ola biləcək qanun pozuntusudur. Agentlik tərəfindən baytarlıq qanunvericiliyinin pozulmasına görə bu sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən sərt tədbirlər görüləcəkdir".
Qeyd edək ki, heyvan mənşəli məhsulların baytarlıq-sanitariya ekspertizasından keçmədən satışı əhalinin zoonoz xəstəliklərə yoluxmasına zəmin yaradır.