Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 21 sentyabr — Sputnik. Qubanın Dəlləkli kəndində son günlər müəmmalı şəkildə 4 yanğın hadisəsi törədilib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, sentyabrın 19-da kənd sakinləri İslam Vəzirov, Xalis Saxalov və Bahadur Qədirovun ot tayaları yanıb. Bundan narahatlıq keçirən kənd sakinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Əraziyə hüquq-mühafizə orqanları ilə yanaşı, Quba rayon icra başçısı Ziyəddin Əliyev də gəlib və baş verən hadisə onun da təəccübünə səbəb olub.
Dərhal yanğın yerinə FHN-in yanğınsöndürən qüvvəsi cəlb olunub. Alovun evlərə və digər yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hüquq-mühafizə orqanları tərəfindən təcili olaraq faktın aydınlaşdırılmasına başlanılıb və kəndin girəcəyinə polis postları qurulub. Buna baxmayaraq, dünən günün ikinci yarısında yenidən başqa bir sakini Nazim Rzayevin həyətində yanğın baş verib. Ona məxsus ot tayası alışıb. Son günlərdə baş verən 4 yanğın hadisəsinin hələ də kim tərəfindən və nə səbəbə törədilməsi müəmmalı olaraq qalır. Rayon icra başçısı hadisəni xüsusi nəzarətə götürüb.