Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 21 sentyabr — Sputnik. Paytaxtda liftlərlə bağlı problemlər bitib-tükənmək bilmir. Bir vaxtlar paytaxt sakinləri köhnə liftlərin işləməməsindən şikayət edirdilərsə, indi Bakıda köhnə binalara quraşdırılan yeni liftlər də işləmir.
Sputnik Azərbaycan binalarda yeni quraşdırılan liftlərin işləməməsinin səbəbini araşdırıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a bildirilib ki, paytaxtda binalara yeni quraşdırılan liftlərin işləməməsinin səbəbi liftlərin istismara qəbul edilməməsi ilə bağlıdır: "Bakıda ötən il 542 lifti quraşdırılıb. Bundan əlavə, 2019-cu ildə gətirilən daha 39 liftin də quraşdırılması başa çatdırılıb. Bu liftlər əsasən Nizami və Qaradağ rayonlarındakı köhnə binalara quraşdırılıb. Liftlərin yarımçıq quraşdırılması mümkün deyil. Sadəcə olaraq liftlər quraşdırıldıqdan sonra istismarına icazə verilməlidir. Bu səlahiyyət isə Bakı Şəhər İcra Hakimiyyətində deyil. Binalarda liftlərin istismarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyatı qurumu rəy verir. Liftlər FHN tərəfindən qəbul edilməlidir ki, istismarına başlanılsın".
"Azərbaycan Rieltorlar Assosasiyası" İctimai Birliyinin sədri Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün əksər binalarda liftlərlə bağlı problemlər var:
"Liftlərin işləməməsi ilə bağlı problem artıq yeni tikililərdə də yaşanır. Yeni tikilmiş binalar var ki, onların liftləri artıq köhnəlib. İstismar müddətini, demək olar ki, başa vurub. Buna da səbəb yeni binalarda tikinti materiallarının liftlə qaldırılmasıdır. Azərbaycanda yaşayış binaları tikilir, amma divarına suvaq, yerinə döşəmə vurulmur. O binalardan ev alanlar qumu, sementi, hətta armaturu da liftlə qaldırırlar. Ona görə də əksər binalarda liftlər öz ömrünü başa vurmuş olur. Yeni binalarda liftlərin yoxlanması üçün MTK-lar tərəfindən müraciət olunmalıdır. Köhnə binalarda isə bunun üçün MİS-lər müraciət etməlidir".
Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, binalarda liftlər quraşdırılır, daha sonra FHN tərəfinfən qəbul olunur. İstismara qəbul edildikdən sonra isə istifadəyə buraxılır. FHN-dən bununla bağlı sorğumuza cavab olaraq bildirildi ki, Suraxanı rayonu, Yeni Günəşli "V" yaşayış sahəsi 22-ci binada liftlərin quraşdırılması ilə bağlı hələ ki FHN-ə müraciət edilməyib: "Sizin qeyd etdiyiniz ünvanda 26 ədəd lift quraşdırılır. Orada liftlərin quraşdırılması prosesi hələ tam başa çatmayıb. Bakı Lift Təmir İstehsalat Birliyi bizə müraciət etməlidir ki, həmin ünvanda liftlər yoxlanılıb istismara qəbul edilsin. Hələ ki FHN-ə bununla bağlı rəsmi müraciət edilməyib. Amma artıq o ünvanda liftlərin quraşdırılması başa çatmaqdadır. Gözlənilir ki, bununla bağlı FHN-ə yaxın günlərdə müraciət edilsin".