Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 20 sentyabr — Sputnik. Yevlax rayonunda "ağ qızıl"ın əllə yığımı tarixə qovuşur. Əvvəlki illərdə Yevlaxda tarlada qadınlar daha çox pambıq yığırdılarsa, artıq bu ildən "ağ qızıl"ı kişilər pambıq yığan texnkilarla toplayırlar.
Sputnik Azərbaycan xəbər verir ki, bu il Yevlax rayonunda 2330 hektar pambıq bitkisi əkilib. 249 fermerin ərazisində əkilən bitkinin aqrotexniki qaydalara əməl etməklə yüksək səviyyədə becərmə işləri aparılıb. Respublikanın hər yerində olduğu kimi Yevlax rayonunda da suvarma suyu qıtlığının olmasına baxmayaraq, Şəhər İcra Hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində pambıq sahələri suvarma suyu ilə tam təmin olunub.
Hazırda pambığın becərilməsi yekunlaşıb və bar mərhələsindədir. Pambıq əkib yaxşı məhsul götürən Yevlax rayon Səmədabad kənd sakini Həsən Əhmədov deyir ki, əl yığımı həm əziyyətli, həm də fermerlər üçün baha başa gəlirdi:
"İki ildi pambıq əkirəm, keçən il 40 sentiner götürdüm. Bu il 45 sentiner gözləyirəm. Maşın yığımı əl yığımından daha sərfəlidi, çox ucuz başa gəlir. Ona görə də maşın yığımı ilə başlamışıq. Pambıq əkmək sərf edir. 1 kiloqram üçün 0.65 qəpik zavod tərəfindən ödənilir. Hər kiloya görə, 0.10 qəpik isə dövlət tərəfindən supsidiya verilir. Neçə ton versən, o qədər də pulunu verirlər".
Yevlaxda daha çox məhsuldar sortların əkilməsinə üstünlük verlilir. Pambıq sahələrindən bu il 30 sentinerdən artıq məhsul yığılacağı gözlənilir. Pambıq yığımı üçün pambıqyığan kombayn, daşınması üçün traktorlar, pambıq yükləyici və digər texnikalar hazır vəziyyətə gətirilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində MKT Yevlax filialının baş aqronomu Zirəddin Həsənov deyib ki, pambıq yığımı mövsümü üçün texnikalar hazır vəziyyətdədir:
"Dörd kombayn, 28 qoşqu və traktor var. Bu il "Filəş", "A 440" , "Lima" kimi məhsuldar sortları əkmişik, əl yığımı yoxdur, hamısını texnikalarla yığacığıq. Bu, fermelər üçün əlverişlidir. Çünki əllə yığım baha başa gəlir. Maşınla yığanda isə məhsulun maya dəyəri aşağı düşür,fermerlərin gəliri çox olur".
Ötən il Yevlaxda 2406 hektarda pambıq becərilib. Bundan 6347,8 ton pambıq istehsal olunub və məhsuldarlıq 26,4 sentner olub. Bu il isə pambıqçıların gözləntiləri daha böyükdür.