Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 19 sentyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 187 yoluxma faktı qeydə alınıb. Sputnik Azərbaycan "Stopcov"a istinadən xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 3036-a çatıb.
Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 46 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1481-ə çatıb, 19 nəfər isə ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 30,5 milyonu keçib, 943 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.