BAKI, 19 sentyabr — Sputnik. Gənclər və İdman Nazirliyi açıq havada gənclərin iştirakı ilə tarixi rekonstruksiya formatında "Xarqo" adlı qısametrajlı film hazırlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, film Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə ərsəyə gətirilib.
Çəkiliş Ə.Cəbrayılovun yubileyinin geniş qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı rəhbər tutaraq həyata keçirilib.
Məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, Azərbaycan xalqının hərb və döyüş tarixinin gənclərə əyani çatdırılmasıdır. Filmdə 15 gənc və tanınmış kino aktyoru iştirak edib. Çəkilişlər altı gün ərzində Şəki rayonu, qəhrəmanın doğulduğu Oxud kəndi və Bakının müxtəlif məkanlarında aparılıb.
Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.
Filmin rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir. Rolları əməkdar artistlər Sona Mikayılova, Rasim Cəfər, aktyorlar Faiq Mirzəyev, Əli Əlizadə,Yaroslav Trifonov, Anar Mikayilov, Rumiyyə Ağayeva, Müşviq Mirzə, Araz Pirimov və digərləri canlandırıblar.