Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 18 sentyabr — Sputnik. Bu gün Xaçmazın Ləcət kəndində baş verən qətlin təfərrüatı məlum olub. Ləcət kənd sakinlərinin sözlərinə görə, kürəkən qaynanasını və qaynatasını güllələyərək 2-sini də qətlə yetirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Sona və Beykəs Yunusovların qızı Könül Osmanova rayonun Seyidlər kəndindən olan Rəhman Osmanovla ailə quraraq oraya gəlin köçüb. Ailə münaqişəsi nəticəsində Könül Osmanova sentyabr ayında ata evinə qayıdıb. Bundan qəzəblənən R.Osmanov həyat yoldaşını qaytarmaq üçün tüfəng hazırlayıb qaynatasıgilə gəlib. O əvvəl qaynatası Beykəs Yunusovu bayıra çağıraraq güllələyib. Sonra qaynanası Sona Yunusovanı güllələyən gözünü qan örtmüş Rəhman Osmanov ondan qaçan həyat yoldaşı Könülün arxasınca da güllə atıb.
Qonşudakı qardaşı evinə qaçan Könül canını qurtara bilib. Kürəkən qaynının pəncərəsinə də 3 güllə atıb. Amma həyat yoldaşını öldürə bilməyib.
Onu da qeyd edək ki, Osmanovların ailəli bir qızları var və artıq nənə, baba da olublar.