İbrahim Həşimov, Sputnik Azərbaycan
BAKI, 18 sentyabr – Sputnik. Şəki rayonu Aşağı Kəldək kəndinin ərazisində diametri 60-70 santimetrə çatan irigövdəli ağaclar naməlum şəxs və ya şəxslər tərəfindən kəsilib. Ərazinin aid olduğu Baş Kəldək bələdiyyəsinin sədri Natiq Məsimov Sputnik Azərbaycan-a bildirib ki, məlumat daxil olan kimi dərhal ağacların kəsildiyi ünvana yollanıblar. Araşdırmalar zamanı məlum olub ki, orada 28 ədəd ağac kəsilib. Ağacları kəsənlər hətta onlardan bəzilərini aparmağa macal tapmayıblar.
“Bizə məlumat gəldi və biz dərhal bu əraziyə gəldik. Gördük ki, 27 ədəd qovaq və 1 ədəd qoz ağacı kəsilib. Dərhal öz nümayəndələrimizlə yerdə akt tərtib etdik və onu ETSN-in Şəki şöbəsinə göndərdik, xahiş elədik ki, bu barədə tədbir görülsün. Əksəriyyəti yaş ağaclardır. Ehtimal olunur ki, quru ağaclar oduncaq kimi, yaş ağaclar isə hər-hansı bir material kimi istifadə edilir”, - deyə Natiq Məsimov bildirib.
Şəki Rayon Prokurorluğundan da bildirilib ki, Şəki rayonu Baş Kəldək bələdiyyəsinin mülkiyyətinə aid, Aşağı Kəldək kəndinin ərazisində yerləşən ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan material üzrə araşdırma aparılıb. Aparılan araşdırmalarla qeyd edilən kəndin ərazisində 27 ədəd qovaq və 1 ədəd qoz cinsli ağacların məhv edilməsi nəticəsində təbiətə 60 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Şəki Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.