BAKI, 18 sentyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz 24-27, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Sentyabrın 19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 17-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 19-da gündüz Abşeron yarımadasında qısamüddətli xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.