Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 18 sentyabr — Sputnik. "Universiteti bitirəndə bir il rayonda qaldım. Allah ağlımı əlimdən almadı. Toylara getdim, lotereya oynadım və pulumu toplayıb Bakıda ev aldım. Evim olmasaydı, maşın almayacaqdım".
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Space" telekanalında yayımlanan "Həyat, sevgi və göz yaşları" proqramında deyib. Aktrisa həyatının maraqlı dönəmlərindən də söhbət açıb:
"Məktəb vaxtı o qədər də gözəl qız deyildim. Arıq, uzun qız idim. Atamın rəhmətə gedəcəyini yuxumda görmüşdüm. Elə ad günündə də rəhmətə getdi".
Aktrisa anasından danışarkən göz yaşlarını saxlaya bilməyib: "Anam rəhmətə gedəndən sonra həyatın bütün çətinliklərini gördüm. Mən çatmadım, anamın ölməyini görmədim. Ailə həyatım da alınmadı. Doğrudan da, tək qaldım".
Xalq artisti əlavə edib ki, o, ailəsi üçün arzuolunmaz olub: "Valideynlərim məni dünyaya gəlməmişdən qabaq oğlan gözləyirmişlər. Arzuolunmaz uşaq idim. Amma ailəyə böyük uğur gətirdim. Məndən sonra qardaşım doğuldu. Ancaq bir yaşında dünyasını dəyişdi. Mənim ağlamağım ailəyə ziyan gətirirdi, ona görə qəlbimə dəymirdilər. Atamdan sonra çətinlik, əziyyət nədir, bildim. Zəif olmadım, çiynimdə böyük yük daşıdım".