Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 sentyabr — Sputnik. Ölkəmizdə koronavirus pandemiyası dövründə iri ticarət mərkəzlərinin fəaliyyəti qadağan olunsa da, son günlər mediada "Binə" və "Sədərək" ticarət mərkəzlərinin gizli fəaliyyətinə dair görüntülər yayılıb. Həmin görüntülərdən bəlli olur ki, bu ticarət mərkəzləri qanunsuz olsa da, fəaliyyət göstərirlər. Hətta sözügedən ticarət mərkəzlərində sərbəst alış-veriş gedir.
Sputnik Azərbaycan koronavirus pandemiyası dövründə iri ticarət mərkəzlərinin fəaliyyətinin yoluxma sayına təsirini araşdırıb.
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iri ticarət mərkəzlərinin fəaliyyətinin qadağan olunduğu dövrdə gizli fəaliyyət göstərməsi yolverilməzdir: "Bu qərar boş-boşuna verilməyib. İri ticarət mərkəzləri yoluxma riskinin ən çox olduğu yerlərdir. Bəzən deyirlər ki, restoranlara icazə verilibsə, iri ticarət mərkəzləri də işləməlidir. Bu yanaşma düzgün deyil. Restoranda 20 nəfər olur, iri ticarət mərkəzində isə yüzlərlə adam.
Kimin boş vaxtı varsa, ehtiyac oldu-olmadı üz tutur ticarət mərkəzinə. Bizim xalqımızın belə xüsusiyyəti var ki, iri ticarət mərkəzinə gedir ki, bəlkə, nəsə xoşuna gələn bir şey oldu, aldı. Bu isə koronavirusa yoluxmaya çox ciddi təsir edir. İri ticarət mərkəzlərinin fəaliyyətinə elə bu səbəbdən icazə verilmir ki, yoluxma artmasın.
Əgər bu gün hansısa iri ticarət mərkəzi bu tələbə əməl etməyib işə başlayıbsa, təbii ki, bu, düzgün deyil. Çünki orada insanların gigiyenik tələblərə əməl edib-etmədiklərini bilmirik. Əgər belə hal varsa, mütləq maska taxmalıdırlar. Sosial məsafə qorunmalıdır".
"Binə" Ticarət Mərkəzindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, burada mağazalar onlayn işləyir:" "Binə" Ticarət Mərkəzində mağazalar onlayn fəaliyyət göstərir. Hər mağazada bir nəfər onlayn satış sifarişlərini göndərmək üçün işə gəlir. "Binə" Ticarət Mərkəzi alıcılar üçün açıq deyil".
Amma "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən mağazalardan bunun əksini bildirdilər.
"Binə" TM, sıra 7 a, korpus 4-də fəaliyyət göstərən "Lome-kids" mağaza 70-dən bizə bildirdilər ki, Ticarət Mərkəzi günorta saat 15:00-a kimi fəaliyyət göstərir: "Saat 15:00-dan sonra "Binə"də işıqlar söndürülür. Ona görə də həmin vaxta qədər fəaliyyət göstəririk".
Bu ticarət mərkəzindəki daha bir mağazadan - "Baqqozza" mağazasından da fəaliyyət göstərdiklərini söylədilər: "Əgər gəlmək istəyirsinizsə, saat 15:00-a qədər gəlin. Bizdən olsa, mağazanı axşama qədər açıq saxlayarıq. Amma saat 15:00-dan sonra işıqları söndürürlər. Qapıda soruşsalar, deyin, topdan mal almaq üçün gəlirsiniz. Amma maska taxın".
"Binə" Ticarət Mərkəzi sıra 5.3.11 ünvanında fəaliyyət göstərən "Azura butik"dən də mağazanın müştərilərin üzünə açıq olduğunu söylədilər. Bildirdilər ki, mağaza saat 15:00-a qədər açıqdır.
"Sədərək" Ticarət Mərkəzindən isə heç bir mağazanın işləmədiyi, ümumiyyətlə müştərilərin qəbul edilmədiyini söylədilər. Bu ticarət mərkəzində mebel satışı mağazasından da bildirdilər ki, ticarət mərkəzinə müştərilər buraxılmırlar: ""Sədərək" Ticarət Mərkəzinə müştərilər buraxılmırlar. ""Binə" işləsə də, bizə müştəri qəbul etməyə icazə vermirlər. Çünki "Sədərək" Ticarət Mərkəzinin sahibi başqa adamdır, "Binə" Ticarət Mərkəzininki başqa.
Amma məişət malları mağazasından Sputnik Azərbaycan-a bildirdilər ki, mağaza fəaliyyət göstərir:
"Buyurub gəlin, ticarət mərkəzinə yalnız avtomobillər buraxılmır. Maşınsız gələ bilərsiniz. Aldığınız malı bizim avtomobillə çıxardıb ünvana çatdıracağıq. Yaxşı, məsləhətli paltaryuyan maşınlarımız var. Münasib qiymətə də verərik".
Qeyd edək ki, Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair Qərarına əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması qüvvədə saxlanılıb.
Bu gün isə məlum olub ki, "Sədərək" Ticarət Mərkəzi bazar ərazisində qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı xüsusi komissiya yaradılıb, üstəlik TM-in işıqları söndürülüb.
Dörd rayonun alış-veriş etdiyi bazar üç günlük bağlandı>>
Bu barədə Trend-ə açıqlamasında "Sədərək" TM İdarə Heyətinin müşaviri Mikayıl Qədimov deyib. Müşavir bildirib ki, hazırda ticarət mərkəzinin bütün giriş-çıxışları nəzarətə götürülüb: "Bu barədə ticarət mərkəzinin rəhbərliyi xüsusi qərar qəbul edib. Bazar ərazisində olan bütün mağaza və digər obyektlərə nəzarət gücləndirilib. Komissiya üzvləri mütəmadi olaraq bazarın ticarət aparılan ərazilərinə cəlb ediliblər. Bazardakı bütün alış-veriş mağazaları yoxlanılır. Ticarət üçün açıq olan obyektlər dərhal qapadılacaq və sahibkar barədə ciddi ölçü götürüləcək. Hazırda ticarət mərkəzində yalnız ofislərin fəaliyyətinə icazə verilib".
M.Qədimov bildirib ki, həmçinin bazarın alış-veriş mağazalarına elektrik enerjisinin verilişi də dayandırılıb:
"Bütün mağazalara elektrik enerjisinin verilişini dayandırmışıq. Hazırda heç bir alış-veriş mağazasında elektrik enerjisi yoxdur. Sahibkarlar yalnız onlayn alış-verişə görə obyektə daxil ola bilərlər. Həmin şəxslərə də müvafiq vaxt təyin edilir ki, onlayın sifarişlərini götürmək üçün mağazalarına daxil olub mallarını götürüb ərazini tərk etsinlər. Sahibkarlardan başqa nə satıcılar, nə də müştərilər girişdən buraxılmırlar. Giriş-çıxışlara müşahidə kameraları ilə nəzarət edilir. Əgər hər hansısa fakt aşkarlanarsa, cavabdeh şəxslər dərhal cəzalandırılacaqlar".
Ticarət mərkəzində yoxlamaların aparılması ilə bağlı yayılan məlumatlara gəlincə isə M. Qədimov bildirib ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir: "Ticarət Mərkəzində heç bir yoxlamalar aparılmır. Mərkəz və onun rəhbərliyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda ticarət mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyələrə uyğun olaraq dezinfeksiya işləri davam etdirilir, mərkəz fəaliyyətini bərpa etməsi üçün hazır vəziyyətə gətirilir".