BAKI, 18 sentyabr — Sputnik. ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Cozef Bayden bəyan edib ki, Rusiya Amerika üçün düşmən rolunda çıxış edir. Bu barədə Sputnik Azərbaycan "CNN"ə istinadən xəbər verir.
"Mən hesab edirəm ki, Rusiya – düşməndir. Mən doğrudan da belə düşünürəm", - deyə Bayden qeyd edib.
O əlavə edib ki, Moskvanın ABŞ seçkilərinə iddia edilən müdaxiləsi sübut olunsa, ondan "intiqam alınacaq": "Mən müharibəni nəzərdə tutmuram, lakin onlar bunun bədəlini ödəyəcəklər, bunun iqtisadi bədəli olacaq".
Demokratın sözlərinə görə, Rusiya onu ABŞ prezidenti postunda görmək istəməzdi.
Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ölkədə keçiriləcək prezident seçkisinə ən böyük təhdidin poçtla səsvermə olduğunu bildirib.
Prezidentliyə namizəd Trampın fikrincə, poçtla səsvermə seçkiyə xarici müdaxilə ehtimalından da ciddidir.
"Budəfəki seçkiyə ən ciddi təhlükə milyonlarla adam tərəfindən göndərilən və qubernatorların nəzarətində olan bülletenlərdir", - deyə Tramp qeyd edib.
Qeyd edək ki, Tramp daha əvvəl də poçtla səsvermə prosedurunu tənqid edib. O əmindir ki, belə seçkilər saxtalaşdırıla bilər.
Xatırladaq ki, ABŞ-da prezident seçkisi bu ilin noyabrında baş tutacaq.