Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 17 sentyabr — Sputnik. Son zamanlar çoxsaylı internet səhifələrində və sosial media platformalarında Balaxanı qəsəbəsi ilə bağlı yayılan fotolar İtaliyanın məşhur "Si Viaggia" səyahət portalının diqqətini cəlb edib. Portalda "Turistləri və blogerləri heyran edən Azərbaycan qəsəbəsi" adlı yazı dərc olunub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın İtaliyadakı səfirliyindən daxil olan məlumatda bildirilir.
Yazıda Azərbaycanın son zamanlarda böyük marağa səbəb olan turizm marşrutlarından birinə çevrildiyi, ölkənin Formula 1 Qran Pri yarışları kimi mötəbər tədbirlərin keçirilməsi ilə müxtəlif televiziya kanallarının və sosial mediada fotolar paylaşan tanınmış blogerlərin böyük marağına səbəb olduğu bildirilir.
Yazıda son dövrlərdə Azərbaycanda turizm sektorunun sürətlə inkişaf etdiyi, məşhur paytaxt Bakı ilə yanaşı, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəkinin, eləcə də Qəbələ və Quba kimi digər şəhərlərin, turizm marşrutları boyunca yerləşmiş çoxsaylı yeni məkanların getdikcə daha çox tanındığı qeyd edilir.
Bu xüsusda, Balaxanı qəsəbəsinin Azərbaycanın incilərindən hesab olunduğu, indiyə kimi o qədər də tanınmış turizm məntəqəsi olmamasına baxmayaraq, qəsəbənin rəngarəng görüntülərinin artıq çoxsaylı internet portallarında, xüsusilə blogerlər tərəfindən "Instagram" sosial media platformasında yer aldığı qeyd olunur. Qeyd olunur ki, Balaxanı dünyanın ən qədim neft hasilatı nöqtələrindən biri kimi tanınır. Məhz burada 1593-cü ildə ilk quyu və 1837-ci ildə ilk neft distillə fabriki inşa edilib və bu səbəbdən də neftlə çirklənmiş ərazilərdən hesab olunurdu. Hazırda isə ərazidə torpağın təmizlənməsi və yenidənqurma işlərindən sonra Balaxanı əvvəlki imicini kökündən dəyişərək Qafqazın kiçik bir incisinə çevrilib.
Yazıda qeyd olunur ki, bir vaxtlar boz sənaye qəsəbəsi olan Balaxanı bu gün artıq rəngarəng bir məkana çevrilib və tarixi abidələr və mədəniyyət yerləri ilə zəngin olan qəsəbənin turizm idarəsi Balaxanının təbliğini yerli əhalini də cəlb etməklə həyata keçirir. Bildirilir ki, qəsəbənin mərkəzi küçələri abadlaşır, evlərin pəncərələri rəngarəng rənglərlə boyanır, evlərin fasadlarına və girişlərinə maraqlı dekorasiya elementləri yerləşdirilir, qəsəbənin müxtəlif guşələri ənənəvi və ya müasir əşyalarla bəzədilir. Yazıda qəsəbənin ən çox sevilən yerləri arasında arasında gözoxşayan dizayn elementlərinə malik "Coffee shop"un olduğu diqqətə çatdırılır. Qəsəbə haqqında axtarış edərkən sosial mediada ağ və mavi evlərin, gözəl dekorativ elementlərlə bəzədilmiş, kiçik quş yuvaları yerləşdirilmiş divarların fotolarına da rast gəlindiyi bildirilir.
Yazıda bütün bunların fonunda Azərbaycanın "Instagram" blogerlərini heyran edərək davamlı olaraq çoxsaylı "selfie" çəkdirməyə sövq edən bu cür çoxsaylı məkanlarının mövcud olduğu diqqətə çatdırılır.