Kəhrizlər bir vaxtlar Qarabağ torpaqlarının suvarılmasında istifadə olunub. Sonrada artezian quyuları və kanalların çəkilməsi ilə kəhrizlərə olan tələbat heçə ensə də, son illərin su qıtlığı problemi onları yenidən aktuallaşdırıb.
Ağdam rayonu Əhmədağalı kəndinin ərazisindəki kəhriz quyuları yenidən, müasir texnoloji üsullardan istifadə olunmaqla yenidən qurulmağa başlanılıb. Layihə mühəndisi Rəvan Mehdiyevin sözlərinə görə, layihənin əsas məqsədi məcburi köçkünlərin məskunlaşdığı icmalarda həyat şəraitini və su təminatını yaxşılaşdırmaqdır.
“Yeni texnoloji metodologiya ilə kəhriz tunellərində tunel halqasına ehtiyac olmayacaq, çünki o hissələrdə plastik borular quraşdırılacaq. Bununla da kəhrizlərin ətraf mühit təsir amillərinə dayanıqlığı artırılacaq”, - deyə layihə mühəndisi Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.
2022-ci ilədək Ağdam rayonunda 17 kəhrizin bərpası həyata keçiriləcək. Bu ay isə Ağdam rayonunda daha iki – “Qozlu” və “Heyvalı” kəhrizlərində bərpa işlərinə başlanılması planlaşdırılır.