BAKI, 14 sentyabr — Sputnik. İran general Qasım Süleymaninin qətlinə görə ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri Lana Marksa qarşı sui-qəsd hazırlaya bilər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Politico" nəşri Amerika hökumətindəki mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, sui-qəsdin hazırlanması barədə məlumatlar hələ yazda var idi, lakin detallar indi məlum olub.
Amerika kəşfiyyatının məlumatına görə, səfirə qarşı sui-qəsd İranın qisasının variantlarından yalnız biridir. Marksın ABŞ Prezidenti Donald Tramp ilə uzun müddət dostluq etdiyinə görə hədəf seçildiyi iddia edilir.
O, 2019-cu ilin oktyabrında ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri vəzifəsinə təyin olunub. Medianın məlumatına görə, diplomata mümkün sui-qəsd barədə xəbərdarlıq edilib.
ABŞ Prezidenti Donald Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Əl-Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin "Amerikanın dörd səfirliyinə hücumlarının qarşısını almaq üçün" öldürülməsini əmr edib.
2020-ci il yanvarın 3-də Bağdad hava limanından yola düşərkən Süleymaninin karvanı atəşə tutulub. Nəticədə, Süleymani ilə birlikdə İraqın yüksək rütbəli hərbi məmuru Əbu Məhdi Əl-Muhəndis və onları müşayiət edən bir neçə döyüşçü həlak olub.