Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 11 sentyabr — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə "Mozalan" studiyası 2-ci tammetrajlı bədii "Olimpiya" adlandırılan filmin çəkilişləri artıq yekunlaşıb. Bu barədə Sputnik Azərbaycan-a danışan filmin icraçı prodüseri Tərlan Babayevin sözlərinə görə, film melodram janrındadır: ""Olimpiya" adlanan bu filmin çəkilişləri Zaqatala, Balakən və Bakıda aparılıb. Quruluşçu rejissor Əli-Səttar Quliyevdir. Filmin süjet xəttini tam açmaq mümkün deyil. "Olimpiya" çox tənha bir insanın qeyri-adi hekayəsidir. Özünü harada tapacağını və harada itirəcəyini heç bilmirsən. "Mozalan" studiyası tərəfindən ikinci tammetrajlı bədii filmin təsvirinə uyğun gələn sırf bu ifadədir. Bu tipik olmayan hekayə keçmiş bir idmançının, 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunlarında boks üzrə bürünc mükafatçısı, sakit, dinc, eyni zamanda tənha bir insan haqqındadır. Qısa desək, baş qəhraman 30 ildən sonra vacib bir xəbəri eşidərək, həyatı boyu özünə yad olan bütün hisslərlə qarşılaşır və bir müddət həmin hisslərlə yaşayır. İki seçim qarşısında qalan baş qəhraman nəyi seçəcək? Tənhalıqda qalmağı, ya da ki daha maraqlı həyatın qarşısına ilk addımını atmağı?"
Qeyd etdiyimiz filmin quruluşçu operatoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi Nadir Mehdiyevdir. Filmdə respublikanın bir çox tanınmış aktyorları, o cümlədən Xalq artistləri Mabud Məhərrəmov, Hacı İsmayılov, Şamil Süleymanov, Əməkdar artist Rasim Cəfərov, aktyorlardan Kəmalə İsrafilova, Azər Aydəmir, Vüsal Hacıqədir rol alıblar. Filmin baş qəhrəmanı obrazı isə Xalq artisti Qurban İsmayılova həvalə edilib.
O da diqqətə çatdırılıb ki, Rüstəm Babazadənin ssenarisi əsasında çəkilən "Olimpiya" filminin quruluşçu rəssamı Arif Niftiyev, filmin 2-ci rejissoru Akif Rüstəmovdur. Filmin gələn il təhvil verilməsi nəzərdə tutulur. Filmsevərlər bu dəfə ötən əsrin 80-90-cı illərində çəkilən filmlərin ruhuna, ovqatına uyğun yeni bir əsərlə tanış olacaqlar.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Əli-Səttar Quliyev bundan əvvəl "Mozalan" studiyasında elə bu kollektivlə "Əlvida Şmit" bədii filmini çəkib.