BAKI, 13 sentyabr — Sputnik. Alimlər Google axtarış sisteminin köməyilə koronavirus ocağını o hələ alovlanmağa başlamamışdan tapmağın üsulunu öyrəniblər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Massachusets General Hospital saytında yer alan tədqiqatda deyilir.
Alimlər müşahidə ediblər ki, “dadbilmənin itməsi”, “iştahsızlıq”, “diareya” sözləri ilə Google-da verilən axtarışlar COVID-19-a yoluxmanın yüksək olduğu 5 ştatdan (Nyu-York, Nyu-Cersi, Kaliforniya, Massaçusets, İllinoys) verilən “koronavirus” sözü ilə axtarışlarla üst-üstə düşür. Üstəlik, bu korrelyasiya göstərilən mövzulara maraqla yoluxma sayının artması arasındakı 3-4 həftədə daha çox müşahidə olunub.
“Bizim məlumatlarımız mədə-bağırsaq əlamətlərinin COVID-19-a yoluxmanın potensial “xəbərçiləri” olduğunu təsdiqləyir və pandemiyaların öncədən proqnozlaşdırılmasında Google Trends-in qiymətli alət olduğunu göstərir”, - məqalədə deyilir.
Bundan öncə Google və Apple yeni tip koronavirusa yoluxan şəxslərin kontaktlarının izlənməsi texnologiyasını işləyib hazırlayıblar. Şirkətlər tibb işçilərinə kömək etmək üçün səylərini birləşdiriblər.