BAKI, 13 sentyabr — Sputnik. Cənubi Koreyada 400-dən çox gəmi və kater ölkənin ən böyük yosun plantasiyasını bölüşdürmək üstündə münaqişəyə girib.
Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, yarımadanın cənub-qərb sahilindəki Maro bölgəsi əsas ixtilaf səbəbidir. Burada yeyilən “kim” yosununun yetişdirilməsinə 1980-ci illərdən başlanılıb. O vaxt bu biznes növü elə də populyar olmayıb, ancaq vaxt keçdikcə onun gəlirliliyini anlayaraq biznesə girişmək istəyənlərin sayı artıb və köhnə fermerlərlə yenilər arasında narazılıqlar yaranıb.
Məhkəmə iki dəfə məsələyə qarışsa da tərəflər arasında razılaşmanın müddəti bitib. İki əyalətin sakinləri bir-birinə qarşı çıxıblar. Münaqişənin ən qızğın anı isə 400-dən çox gəminin bir-birini brandspoytdan su atəşinə tutaraq adamların əlbəyaxa döyüşə keçməsi olub. Hökumət zorakılığı dayandırsa da münaqişə həll olunmamış qalıb.