BAKI, 11 sentyabr — Sputnik. Millət vəkili Vüqar Bayramov öz "Facebook" hesabında paylaşdığı postda əlilliyin təyinatındakı çətinliklər, müraciətlərə imtinalar, o cümlədən Füzuli rayonu üzrə statistik məlumatlarda bir sıra yanlışlıqlara yol verib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
O qeyd edib ki, əslində bu ilin 8 ayında Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə 217 şəxsə dair ümumilikdə 255 göndəriş (Forma 088) rəsmiləşdirilib: "Onlardan 114-ü ilkin, 141-i isə təkrar göndərişlərdir. Bu göndərişlər əsasında 37 nəfərə əlillik dərəcəsi, 40 nəfərə isə sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb, 18 nəfərə aid göndərişlər isə qiymətləndirilmə prosesindədir.
F.Talıbov deyib ki, göndərişlərdə qeyd edilmiş məlumatların etibarlılığını ciddi sual atına qoyan bu kimi hallar tibbi sosial ekspert komissiyalarını daha da diqqətli olmağa, eyni zamanda şübhəli, ziddiyyətli və tam təqdim olunmamış məlumatlar əsasında rəsmiləşdirilən göndərişlər barədə qərar verərkən daha ehtiyatlı olmağa vadar edir: "Onu da qeyd etmək lazımdır ki, bu kimi problemlərin aradan qaldırılması üçün göndərişin rəsmiləşdirilməsində əsas götürülən digər tibbi sənədlərin (epikriz, tibbi rəy və s.) elektronlaşdırılması zəruridir. Bu istiqamətdə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin gördüyü tədbirlərin qısa müddətdə nəticə verəcəyinə əminik".
Qeyd edək ki, deputat açıqlamasında bildirmişdi ki, Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib: "Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib".