Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 11 sentyabr — Sputnik. Müdafiə Nazirliyi sosial şəbəkələrdə guya erməni kəşfiyyatçısını tutduqlarına görə xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular barədə yayılan məlumatlarla münasibət bildirib.
Nazirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda qeyd olunub ki, həmin hərbçilərin guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır və ordu rəhbərliyinə qarşı böhtandır:
"Baş verənlərlə bağlı bunları bildiririk ki, bəzi hərbi qulluqçular Azərbaycan ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıblar və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib".