Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 11 sentyabr — Sputnik. Mingəçevirdə 34 yaşlı qadın küçədə bıçaqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Yevlax rayon Xanabad kənd sakini, 1986-cı il təvəllüdlü Mirvari Məmmədova ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Xəstəxanasınının reanimasiya şöbəsinə çatdırılıb. Zərərçəkən xeyli qan itirdiyindən dərhal əməliyyat masasına qaldırılıb.
Mingəçevir Şəhər xəstəxanasının həkim-cərrahı Məhəmməd Quliyev Sputnik Azərbaycana-a bildirib ki, zərərçəkən çox ağır vəziyyətdə çatdırılıb: "Xəstə Mirvari Yaşar qızı Məmmədova bədənin çoxsaylı 12 ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Yoxlama zamanı xəstənin bıçaq yaraları biri ürək nahiyəsinə sirayət etmiş, biri qarın boşluğuna, digəri isə böyrəyə daxil olmuşdu. Zədələnmə zamanı ürək, ağciyərlər zədələnib, litr yarıma qədər qan axıb".
Yevlax rayon Xanabad kənd sakini Mirvari Məmmədovanı doğma qardaşı, Malik Məmmədovun qısqanclıq zəminində bıçaqladığı məlum olub. Hadisəni törədən 35 yaşlı M.Məmmədov polis əməkdaşları tətəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.