BAKI, 10 sentyabr — Sputnik. Son 40 ildə dünyada davam edən qloballaşma dövrü "qarışıqlıq və xaos əsri" ilə əvəz olunmağa başlayır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Deutsche Bank" analitiklərinin tədqiqatında deyilir.
Məruzə müəllifi Cim Reydin və həmkarlarının proqnozuna görə, Çin iqtisadiyyatının güclənməsi və onun ABŞ iqtisadiyyatını üstələməsi yeni dövrün fərqləndirici cəhətinə çevrilib.
Analitiklər ehtimal edirlər ki, ölkələrin qarşıdurması daha çox iqtisadi sahədə baş verəcək və zaman-zaman soyuq müharibə dövrünün Vaşinqton-Moskva münasibətlərini xatırladacaq.
Tədqiqatçılar həmçinin hesab edirlər ki, qlobal borc daha da artacaq, müxtəlif ölkələrin mərkəzi banklarının "göydən pul" siyasəti və 21-ci əsrdə yetkinlik yaşına çatmış gənc nəsillərin təsirinin güclənməsi, o cümlədən bu təsirin seçki prosesləri baxımından artması davam edəcək.
Bundan əlavə, hesabat müəllifləri inflyasiyanın və iqtisadi bərabərsizliyin artmasının, nəsillər arasındakı rəqabətin sərtləşməsinin və yeni texnoloji inqilabın "iğtişaşlar əsri" üçün xarakterik olacağını qeyd edirlər.
Almaniyalı iqtisadçılar bu "qarışıqlığın" onilliklər və ya daha uzun müddət ərzində yeni dövrü müəyyənləşdirəcəyini proqnozlaşdırırlar.