Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 10 sentyabr — Sputnik. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Azərbaycanda ümumtəhsil müəssisələrində və bağçalarda uşaqlar arasında yeni üsulla COVID-19 testlərinin aparılmasını təklif edib.
Tibb elmləri doktoru belə hesab edir ki, pandemiya dövründə təhsil müəssisələrini, məktəbləri bağlı saxlamaq koronavirusla effektiv mübarizə üsulu deyil. O hesab edir ki, uşaqlar da virusu böyüklər kimi yaya bildiyindən, lakin hələlik heç bir ölkədə virusun sırf uşaqlar arasında yayılmasını müəyyənləşdirmək mümkün olmadığından onlarla xüsusən ehtiyatlı olmaq vacibdir.
Ekspert deyir ki, hazırda dünyanın bir sıra ölkələrində uşaqlar da anticisim testlərinə cəlb olunublar. Bu test böyüklərdən fərqli olaraq uşaqlarda qandan götürülmür. O hesab edir ki, uşaqlarda anticisimlər Azərbaycan üçün yeni üsul sayılacaq ağız suyu vasitəsilə müəyyən edilməlidir. Nəticədə test uşağın bu virusu keçirib-keçirmədiyi barədə məlumat verəcək.
Sputnik Azərbaycan-ın "Bu üsul nə dərəcədə effektiv hesab oluna bilər?" sualını Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin müdiri Telman Aytayev cavablandırıb. O deyir ki, anticisimlərlə bağlı testlər FAD (Food and Drug) tərəfindən təsdiqlənməyib: "Bu testlərin heç biri 100 faiz deyil. Yəni "pozitiv" olan nəticələr də səhv çıxa bilər. Yaxud da əksinə ola bilər, kimsə xəstədir, amma testin nəticəsi "neqativ"dir. Düşünürəm ki, uşaqları bu testlərlə yoxlamaqla elə bir şeyə nail olmayacağıq. Anticisim testlər təsdiqlənməyib".
"Sadəcə olaraq uşaqlar asimptomatik qrupda yer alaraq risk qrupuna aid şəxslərə bu xəstəlikləri keçirə bilərlər. Bu səbəbdən məktəb və bağçaların açılması da virusun yayılmasında önəmli rol oynayacaq", - deyə mütəxəssis bildirib.
Hospitalın pediatrı Fərəh Vahabova isə deyir ki, ağız suyu ilə yalnız bir həftəlik dövrün nəticələrini öyrənmək mümkündür: "Ağız suyu ancaq xəstəliyin bir həftə ərzində olub-olmadığınıı göstərə bilən testdir. Yəni ağız suyu hazırda, son bir həftədə şəxsin xəstə olub-olmadığını göstərə bilər. Lakin bu üsulla xəstənin bir həftədən əlavə hansısa bir zamanda bu xəstəliyi keçirib-keçirmədiyini göstərmir. Bunun üçün, yəni xəstənin ümumiyyətlə virusu keçirib-keçirmədiyini öyrənmək üçün qandan analiz götürmək lazımdır. Bunun üçün isə immunoqlobulin G-ni yoxlamaq lazımdır ki, şəxsin immuniteti var, ya yoxdur".
Bu il uşaqlar arasında vaksinlə əhatələnmə səviyyəsi aşağı düşüb - Səbəb>>
Pediatr deyir ki, 12 yaşadək uşaqlarda bu xəstəlik o qədər də ağır keçməyib: "Lakin uşaqların hansısa xroniki xəstəlikləri olduqda, yəni onkoloji xəstəliklər, şəkər və digər endokrinoloji xəstəliklər, qan xəstəlikləri olduqda bu zaman COVID-19-un həmin uşaqlarda ağır keçməsi ehtimalı var. Tənəffüs yollarında olan xüsusi hüceyrələr var ki, o uşaqlarda çox inkişaf etməyib və bu səbəbdən uşaqlar COVID-19-u yüngül keçirirlər. 1 yaşadək olan uşaqlar isə bunu daha yüngül, adi qrip kimi keçirirlər".
"Uşaqlar bu xəstəliyi ağır keçirməsələr də, daşıyıcı ola bilərlər. Lakin bu o demək deyil ki, uşaqlar xəstələnməyə bilərlər. Bu haqda heç yerdə yazılmayıb. Ümumiyyətlə, deyim ki, uşaqların müayinələri o qədər də dərin deyil", - deyə ekspert əlavə edib.
Pediatr deyir ki, ölkədən-ölkəyə gedərkən də uşaqlar yoxlanılır və bu, məsləhətdir.
Maraqlıdır, bəzi hallarda valideyn yoluxur, lakin uşağın test nəticəsi "neqativ" olur. Bununla bağlı pediatr deyir ki, uşaq dərhal yoxlanıldığı üçün onun nəticəsi neqativ çıxır: "Lakin 3 gün, yaxud da bir həftəyə test edildikdə nəticə "pozitiv" olacaq. Sadəcə həmin dövrdə, qeyd etdiyim kimi, uşaqların tənəffüs yollarında xüsusi hüceyrələr yoxdur deyə, o virusları tanımır, qəbul eləmir. Amma uşağın bədənində o virus ola bilər. Ola bilər ki, o, heç xəstələnməsin, çünki uşaqdır. Uşağın qanında immunoqlobulin G yoxlanılsa, onun qanında "pozitiv" olma ehtimalı var. Bu həm də o deməkdir ki, uşağın bədənində artıq bu virusa qarşı immunitet də formalaşıb. Sadəcə olaraq uşaq bu virusu yüngül keçirir".
Pediatr hesab edir ki, məktəbə girəndə analizlərin verilməsi yaxşı olardı: "Sadəcə olaraq hər gün məktəbə gəlib, evə gedən uşaqlarda bu testlərin götürülməsi üçün də Azərbaycanın imkanı olmayacaq. Hər gün uşaq evə gedib, xəstələrlə kontaktda olub yenidən məktəbə qayıdacaq. Lakin uşaqlar hər gün həkim nəzarətində olmalı, qızdırmalı olanlar məktəbə buraxılmamalı, onlardan analizlər götürülməlidir. Yaxşı olardı ki, uşaqlardan qan analizi götürülüb immunoqlobulin G yoxlanılsın. İmmuniteti olan uşaqlar ən azı 3 ay xəstələnməyəcəklər".