BAKI, 9 sentyabr — Sputnik. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun ilə bağlı noyabr ayında dinləmələr keçiriləcək. Qanun qəbul edilsə də, bunun icrası yetərli səviyyədə deyil.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
O bildirib ki, hətta məktəblərin yanında da tütün məmulatlarının satılması hallarına rast gəlinir və bununla bağlı müraciətlər daxil olur: "Bu məsələ ilə bağlı araşdırmalar aparılır və noyabr ayında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun icrası ilə bağlı parlamentdə dinləmə təşkil ediləcək".
Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir. İclasın gündəliyinə 9 məsələ daxil edilib.
İclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat təqdim ediləcək, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacaq.