Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 8 sentyabr — Sputnik. "Metropolitendə sərnişindaşıma dayandırılığı gündən biz hər gün hazırlıqlı rejimdəyik. Karantin qaydalarına əməl etməklə infrastruktur işlək və saz vəziyyətdədir. İşçi heyəti lazımi hazırlıq səviyyəsindədir. Yəni, öncələr sərnişindaşıma olduğu vaxtda necə idisə, indi də hazırlıq, nəzarət eyni səviyyədədir. Ümumiyyətlə, pandemiya başladığı gündən Nazirlər Kabinetinin metodiki göstərişlərinə uyğun olaraq işimizi qurmuşuq. Metropoliten iyulun 4-dən etibarən də eyni qayda ilə işini davam etdirir". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Məmmədov bildirib ki, Operativ Qərargahın verdiyi qərarlara uyğun olaraq addımlar atılır: "Mayın 9-da metropoliten sərnişindaşıma fəaliyyətini bərpa edəndə də metodiki göstərişlərə uyğun olaraq işini qurmuşdu. Başqa bir göstəriş olarsa, təbii ki, fəaliyyətimizdə bunu da tətbiq edəcəyik".
Metropoliten sözçüsü bu müddətdə görülən işlərdən də danışıb: "Bildiyiniz kimi iki yeni qatar daha öncə xəttə buraxılmışdı. Daha iki yeni qatarla bağlı olaraq da qərar veriləcək. Ümumilikdə isə qeyd edim ki, 2020-2022-ci illərdə, yəni hər 3 ildə illik olaraq 20 vaqon olmaqla, ümumilikdə 60 vaqon gətiriləcək. Gətiriləcək vaqonlar istismar müddətini başa vuracaq vaqonları əvəzləyəcək".
Məmmədov həmçinin əlavə edib ki, "Cəfər Cabbarlı" stansiyasında təmir başlamışdı: "Hazırda həmin istiqamətdə görülən işlər özünün son mərhələsindədir".