BAKI, 7 sentyabr — Sputnik. Sentyabrın 6-da saat 05 radələrində Tərtər rayonu, Şıxarx kəndi ərazisində kənd sakini, 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın yaşadığı evdə meyiti aşkar edilib.
Sputnik Azərbaycan Tərtər rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, hadisə barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1984-cü il təvəllüdlü Səlim Əsədovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Röyalə Tağıyevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səlim Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.