Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 7 sentyabr — Sputnik. Sputnik Azərbaycan Bakıda məktəbdə yıxılan qızla bağlı yeni məlumatlar əldə edib. Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdən Sputnik Azərbaycan-a bildirilib ki, yıxılan şəxs məktəbdə xadimə işləyən qadının qızıdır. Onun hansı şəraitdə yıxılması isə məlum deyil.
Qeyd edək ki, Bakıda IX sinifdə oxuyan qız 3-cü mərtəbədən yıxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib. Həmin məktəbin şagirdi, IX sinifdə oxuyan qız 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Məktəbli təcili xəstəxanaya aparılıb.
Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım stansiyasına çağırış daxil olub. Stansiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Respublika Kliniki Xəstəxanasına aparılıb. Təcili Tibbi Yardım briqadasının həkimləri yaralının vəziyyətini ağır kimi qiymətləndiriblər.