CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kran aşması zamanı 6 nəqliyyat vasitəsinə dəyən zərər ödəniləcəkmi?

© Sputnik / StringerОпрокинутый подъемный кран в Наримановском районе Баку
Опрокинутый подъемный кран в Наримановском районе Баку  - Sputnik Azərbaycan
Abunə olmaq
Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması nəticəsində ətrafda park vəziyyətində olan 6 nəqliyyat vasitəsinə ciddi zərər dəyib

BAKI, 7 sentyabr — Sputnik. ""İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 42.2 maddəsinin tələbinə görə, əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası sahibkarlara xəbərdaredici tövsiyə ünvanlayıb.

Bildirilib ki, növün imperativliyindən irəli gələrək əmlak sahibi olan sahibkarlara sığorta etdirmədikləri təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə tətbiq edilir.

Sahibkarlar ilk növbədə "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növünün vacibliyini formalaşdıran əsas istiqamətləri, bu növün mahiyyətini və üstünlüklərini bilməlidirlər. Belə ki, adı çəkilən növ qeyd olunan Qanunun preambulasında da bildirildiyi kimi, daşınmaz əmlakın istismarı, eyni zamanda həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəymiş zərərin qarşılığının ödənilməsi məqsədilə tətbiq edilir. İstismarı ilə bağlı mülki məsuliyyətin sığortası məcburi olan əmlak dedikdə, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyəti həyata keçirmək məqsədi ilə istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular və sahələr nəzərdə tutulur. Bu növ üzrə aşağıda qeyd olunan hallar sığorta hadisəsi hesab olunur:

• elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;

• qaz partlayışı;

• elektrik naqillərində baş verən qısaqapanma;

• su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;

• hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.

"Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" üzrə sığorta haqlarının məbləği isə mövcud əmlakın təyinatından asılı olaraq sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunan hallar nəticəsində üçüncü şəxs olan fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5000 manat, əmlaka dəyən zərər üzrə isə 50 min manat sığorta təminatı verilir. Yəni yuxarıda qeyd olunan hallar bu və ya digər səbəblər nəticəsində baş verərsə, sahibkar üçüncü şəxsə və ya əmlaka görə ödəməli olacağı 5 min manatdan 50 min manata qədər olan əlavə xərcdən azad olmuş olur.

Təəssüf ki, məhz hadisə baş verdikdən sonra bu kimi halların qaçılmaz olduğu, adı çəkilən sığorta növünün isə vacibliyi aktuallaşır. Sabah baş verə biləcək hər hansı hadisədən zərərli çıxmamaq üçün bu gündən etibarən sığortanlanmalıyıq. Unudulmamalıdır ki, sığorta sosial əhəmiyyət kəsb edib, xərclərin optimallaşdırılması, eyni zamanda risklərin yarada biləcəyi zərərliliyi minimallaşdıran unikal bir maddi müdafiə mexanizmdir. Bu dəstək mexanizminin təklif etdiyi üstünlüklərdən istifadə geniş ictimaiyyətin sağlam və firavan gələcəyi naminə icbaridir.

Qeyd edək ki, yaxın günlərdə "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növü üzrə sığorta hadisəsi hesab oluna biləcək bir olay qeydə alınıb. Belə ki, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması nəticəsində ətrafda park vəziyyətində olan 6 nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

Xəbər lenti
0